Roblox, Fortnite və Minecraft-a qarşı yeni məhkəmə iddiası: Oyun asılılığı ittihamı

by Nigar Məmmədova
0 comments

Dünyanın nəhəng oyun şirkətləri olan “Roblox”, “Microsoft” və “Epic Games”ə qarşı yeni bir məhkəmə iddiası qaldırılıb. İddia sənədində qeyd olunur ki, bu şirkətlər 18 yaşlı bir gəncdə “Roblox”, “Fortnite” və “Minecraft” oyunlarına qarşı ağır dərəcəli asılılıq yaradılmasında birbaşa məsuliyyət daşıyırlar.

İddiaçı Miçiqan ştatının sakini Cordan Dunkandır. Məlumata görə, o, gün ərzində 12–14 saatını videooyunlara sərf edir. İddia sənədində vurğulanır ki, gəncin “ətrafındakı digər insanlar kimi öz oyun vərdişlərini cilovlamaq qabiliyyəti yoxdur”. Onu oyundan uzaqlaşdırmaq cəhdləri isə ağır “abstinensiya” (yoxluq) simptomları ilə nəticələnir. Bu simptomlara kəskin qəzəb, özünə və başqalarına xəsarət yetirmə meyli, intihar təhdidləri, əmlaka ziyan vurma, həmçinin şəxsi gigiyenadan və yuxudan imtina daxildir.

Məhkəmə sənədində bu addımın “əyləncə dünyasına qarşı müharibə” olmadığı xüsusi qeyd edilib: “Bu prosesin məqsədi maraqlı videooyunların yaradılmasını və ya onlardan zövq alınmasını məhdudlaşdırmaq deyil”. Əksinə, iddiaçı şirkətlərin öz məhsullarını azyaşlılar arasında aqressiv şəkildə marketinq etməsi, asılılıq yaradan funksiyalardan istifadə etməsi və oyun daxili satınalmaları təşviq etməsi nəticəsində Dunkanın məruz qaldığı zərərə görə təzminat tələb edir.

Görünən odur ki, kiberidman və rəqəmsal əyləncə sənayesi böyüdükcə, oyunların psixoloji təsirləri ilə bağlı hüquqi mübarizələr də yeni mərhələyə qədəm qoyur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın