“Fortnite Crew” xidməti aylıq təqdim olunan V-baks (V-Bucks) miqdarını azaldır. Bu isə o deməkdir ki, abunəçilər eyni qiymətə daha az virtual valyuta əldə edəcəklər.
“Epic Games” şirkəti abunəçilərə göndərdiyi rəsmi bildirişdə qeyd edib ki, 6 iyun 2026-cı il tarixindən başlayaraq aylıq V-baks hesabı 1000-dən 800-ə düşəcək. Sözügedən tarixə qədər abunəliyini yeniləyən istifadəçilər hələ də tam 1000 V-baks əldə edə biləcəklər. Maraqlıdır ki, bu dəyişikliyə rəğmən abunə haqqında hər hansı bir endirim nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Fortnite Crew” aylıq 11,99 dollar qiymətində olan xüsusi abunəlik xidmətidir. Bu paketə hər ay verilən virtual valyuta ilə yanaşı, cari mövsümün Döyüş Bileti (Battle Pass) və eksklüziv kosmetik əşyalar daxildir.

V-baksların sayının azaldılması faktiki olaraq bu abunəliyi oyunçular üçün 20% daha az sərfəli edir. Qeyd edək ki, bu, “Epic Games”in son zamanlar həyata keçirdiyi ilk belə addım deyil. Cari ilin mart ayında V-baks paketlərinin qiyməti 25%-ə qədər artmış, həmçinin Döyüş Biletinin oyunçulara xərclədikləri vəsaitdən daha çoxunu geri qazanmağa imkan verən bəzi bonus mükafatları ləğv edilmişdi.