“Counter-Strike 2” üzrə nüfuzlu “Thunderpick World Championship 2026” turnirinə yekun vurulub. Yarışın böyük finalında Braziliyanın “FURIA” komandası “BB Team” kollektivini 3:2 hesabı ilə gərgin mübarizədə məğlub edərək çempionluq tituluna yiyələnib.
Beş xəritəlik dramatik final seriyası
Çempionluq uğrunda qarşıdurma “FURIA”nın “Dust2” xəritəsindəki inamlı qələbəsi ilə başlayıb (13:6). Lakin ardınca təşəbbüsü ələ alan “BB Team” əlavə vaxta gedən “Ancient” (19:16) və “Nuke” (13:9) xəritələrini aktivinə yazaraq seriyada önə keçib. Buna baxmayaraq, “FURIA” geri dönüş etməyi bacarıb: braziliyalılar gərgin keçən “Mirage” xəritəsində (13:11), ardınca isə həlledici “Cache”də (13:6) rəqibini üstələyərək seriyanı öz xeyirlərinə tamamlayıblar.
Mükafat fondu və turnirin detalları
Turnirdə qazanılan qələbə “FURIA”ya 500 000 dollar qazandırıb. İkinci yeri tutan “BB Team” isə 250 000 dollar mükafatla kifayətlənib. Qeyd edək ki, ümumi mükafat fondu 1 milyon dollar təşkil edən “Thunderpick World Championship 2026” 14–18 oktyabr tarixlərində Maltada keçirilib.