“Counter-Strike 2” üzrə davam edən “BLAST Rivals 2026 Season 2” turnirinin A qrupunda liderlik uğrunda həlledici qarşılaşma baş tutub. Braziliyanın “FURIA” kollektivi əzmkar geri dönüş edərək Fransanın “Team Vitality” komandasını 2:1 hesabı ilə məğlub edib və adını birbaşa yarımfinala yazdırıb. Seriyanın ilk xəritəsində “Vitality” üstün oyun sərgiləsə də, ardınca təşəbbüsü tamamilə əldən verib:
- Inferno — 5:13 (“Team Vitality”)
- Dust2 — 13:10 (“FURIA”)
- Mirage — 13:0 (“FURIA”)
Xüsusi diqqət çəkən məqam həlledici “Mirage” xəritəsində qeydə alınan nəticə olub. “Team Vitality” “Counter-Strike 2” tarixində ilk dəfə olaraq bir dənə də olsun raund qazanmadan (0:13) məğlubiyyət acısı yaşayıb.
“apEX” və “ZywOo”dan karyera antirekordu, “molodoy”dan şou
Bu ağır məğlubiyyət “Vitality”nin ulduz oyunçuları üçün də fərdi antirekordlarla yadda qalıb:
- Den “apEX” Madeskler: Fransız klubunun kapitanı “Mirage” xəritəsini cəmi 1 qətl və 13 ölümlə tamamlayıb. Onun 0.16 reytinq göstəricisi təcrübəli kiberidmançının bütün karyerası ərzində bir xəritədə qeydə aldığı ən zəif nəticə kimi tarixə düşüb.
- Matye “ZywOo” Erbo: Komandanın əsas snayperi “Mirage”da cəmi 0.33 reytinq toplayaraq CS2 erasındakı ən uğursuz xəritə çıxışını edib.
- Daniil “molodoy” Qolubenko: Qarşı tərəfdə isə “FURIA”nın snayperi əsl ulduz performansı nümayiş etdirib. O, “Mirage” xəritəsini 2.66 reytinqlə başa vuraraq karyerasının ən yaxşı “Mirage” matçını keçirib.

Bu qələbə sayəsində “FURIA” A qrupunun lideri kimi birbaşa “BLAST Rivals 2026 Season 2″nin yarımfinalına vəsiqə qazanıb və növbəti matça hazırlaşmaq üçün əlavə vaxt əldə edib. Qrup ikincisi kimi pley-offa çıxan “Team Vitality” isə çempionluq mübarizəsinə 1/4 final mərhələsindən başlayacaq.