Clair Obscur: Expedition 33 “İlin Oyunu” adından məhrum edildi

by Nigar Məmmədova
0 comments

2025-ci ilin ən yüksək qiymətləndirilən və uğurlu oyunlarından biri olan Clair Obscur: Expedition 33, hazırlanma prosesində generativ süni intellektdən (AI) istifadə edildiyi üçün bəzi mükafatlarını itirib.

Sandfall Interactive studiyasının layihəsi tənqidçilər, oyunçular və sənaye nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Bu ayın əvvəlində oyun The Game Awards-da 13 nominasiya qazanmış və onlardan 9-da qalib gəlmişdi. Həmçinin The Golden JoysticksGrand Game Awards-da bir sıra mükafatlar toplamışdı.

Mükafatlar arasında Indie Game Awards-da qazanılan “İlin Oyunu” və “Ən Yaxşı Debüt” titulları da var idi. Lakin oyunun buraxılış versiyasında generativ süni intellekt vasitəsilə yaradılmış aktivlərdən (assets) istifadə edildiyi məlum olduqdan sonra bu mükafatlar geri alınıb.

Əvvəlcə oyunçular bəzi teksturaların, xüsusən də süni intellekt tərəfindən yaradılmış kimi görünən qəzet kəsikləri təsvirlərinin fərqinə varıblar. X və Reddit-də başlayan müzakirələrdən sonra tərtibatçılar bu materiallardan istifadə edildiyini təsdiqləyiblər.

Sandfall Interactive-in prodakşn direktoru Fransua Meriss İspaniyanın El País nəşrinə verdiyi şərhdə süni intellektin tətbiqini etiraf edib:

“Biz müəyyən miqdarda süni intellektdən istifadə etdik, lakin çox az. Əsas odur ki, biz nə etmək istədiyimizi və səylərimizi hara yönəldəcəyimizi dəqiq bilirdik. Əlbəttə ki, texnologiyalar bizə bir qədər əvvəl ağlasığmaz görünən şeyləri reallaşdırmağa imkan verdi.”

Bu aktivlər buraxılışdan qısa müddət sonra yamaqla (patch) silinsə də, Indie Game Awards təşkilatçıları nəticələri ləğv etmək qərarına gəliblər. Nominasiya Komitəsinin bəyanatında deyilir:

“Indie Game Awards Nominasiya Komitəsi rəsmi olaraq ‘Ən Yaxşı Debüt’ və ‘İlin Oyunu’ mükafatlarını geri çağırır və hər iki kateqoriyanı yeni laureatlara təqdim edir.”

Təşkilatın qaydalarına əsasən, generativ süni intellekt vasitəsilə yaradılan oyunların nominasiyalarda iştirakına icazə verilmir. Clair Obscur: Expedition 33-ün diskvalifikasiyasından sonra Blue Prince “İlin Oyunu”, We’re Closed isə “Ən Yaxşı Debüt” mükafatına layiq görülüb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın