Astro Bot-un hazırlanma mərhələləri: Team Asobi-nin daxili mətbəxindən qeydlər

by Nigar Məmmədova
0 comments

2025-ci ildə keçirilən GDC konfransında “Team Asobi” studiyasının rəhbəri Nikola Duse məşhur “Astro Bot” platformer oyununun necə yaradıldığını ətraflı şəkildə izah etdi. O, ilk eskizlərdən tutmuş, son səhnəyə qədər baş vermiş yaradıcı prosesin mühüm detallarını bölüşərək dinləyicilərə maraqlı məqamlar təqdim etdi.

Oyunun ideyasından reallaşmasına aparan yol

Duse-nin sözlərinə görə, “Astro Bot” layihəsinin ilk konseptləri 2021-ci ilin may ayında hazırlanmağa başlayıb. Cəmi bir neçə ay davam edən ilkin mərhələdən sonra komanda rəhbərliyə oyunun ideyasını təqdim etmək üçün 23 fərqli təqdimat formatı hazırlayıb. Onlardan biri – komiks tərzində olan təqdimat – oyun mexanikalarını vizual şəkildə göstərərək layihəyə yaşıl işıq yandırılmasına səbəb olub.

Yaradıcılıq beyin hücumları ilə başladı

Team Asobi müxtəlif şöbələrin əməkdaşlarından ibarət 5-6 nəfərlik mini komandalar yaradaraq ideya sessiyaları keçirdi. Bu sessiyalarda iştirakçılar fikirlərini ya yazır, ya da şəkil kimi çəkərək stikerlər üzərində təqdim edirdilər. Nəticədə, ideyalarla dolu böyük bir lövhə ortaya çıxsa da, onların cəmi 10%-i prototipləmə mərhələsinə keçə bilirdi.

Prototiplər sadəcə dizaynerlərin işi deyildi

Oyun inkişafında prototipləmə əsas rol oynayıb və bu prosesə təkcə dizaynerlər yox, digər sahələrin mütəxəssisləri də qatılıb. Məsələn, səs mühəndisləri sınaq üçün “virtual teatr” yaradaraq oyun nəzarətçisinin fərqli səslərə verdiyi haptik cavabları test ediblər. Proqramçılar isə adaptiv düymələrlə sıxıla bilən süngər mexanikasını hazırlayıblar və bu ideya o qədər uğurlu olub ki, oyun daxilinə salınıb.

Səviyyələrin seçim meyarları

Hər bir səviyyənin özünəməxsus oynanma təcrübəsi təqdim etməsi əsas şərtlərdən biri olub. Bəzi bacarıqlar təkrarlansa da, onlar hər səviyyədə fərqli şəkildə istifadə olunmalı idi. Məsələn, quşla uçma səviyyəsi planlaşdırılsa da, digər mövcud səviyyəyə bənzədiyi üçün layihədən çıxarılıb.

Final səhnəsinin dəyişdirilməsi

Sunumun sonunda Duse oyunun sonunda baş verən səhnənin necə dəyişdirildiyini açıqlayıb. Başlanğıcda oyunçunun yalnız Astro-nun gövdəsini tapması planlaşdırılmışdı. Lakin bu versiya test iştirakçılarını emosional baxımdan çətin vəziyyətə saldığı üçün dəyişdirilib və Astro daha bütöv vəziyyətdə təqdim olunub.

“Bu, bəzi insanları həqiqətən üzürdü. Ona görə də qərara gəldik ki, final daha yumşaq və emosional baxımdan daha qəbledilən olsun,” — deyə Duse bildirib.

Astro

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın