Kibersport turnirlərinin təşkilatçısı BLAST, 2027 və 2028-ci illərdə keçiriləcək irimiqyaslı tədbirlərə ev sahibliyi etmək istəyən şəhərlər üçün müraciət prosesini başlatdığını elan edib. Bu barədə məlumat təşkilatçının rəsmi saytında yayımlanıb.
Şirkət öz portfelində olan bütün oyun növləri — Counter-Strike 2, Dota 2, Fortnite və Rainbow Six üzrə turnirlərin keçirilməsi üçün müraciətləri nəzərdən keçirəcək. Maraqlı şəhərlər öz niyyətlərini 13 fevral tarixinədək bildirməlidirlər. 2027-ci il tədbirləri üçün son müraciət tarixi 16 mart, 2028-ci il üçün isə 3 iyul müəyyən edilib.
BLAST turnirlərinin şəhərlər üçün əhəmiyyəti:
- Azarkeşlərin orta hesabla 70%-dən çoxu ev sahibi olan şəhərin hüdudlarından kənardan gəlir.
- Bir azarkeşin gündəlik xərcləri orta hesabla 200 dollardan çoxdur.
- Canlı tədbirlərdən alınan yüksək təəssürat səbəbindən həmin şəhərlərə təkrar səfərlərin səviyyəsi olduqca yüksəkdir.
BLAST növbəti iki il ərzində arenalarda ən azı 40 tədbir keçirməyi planlaşdırır.