BLAST Open Spring 2026 böyük yenilənməyə baxmayaraq köhnə patçda qalacaq

by Nigar Məmmədova
0 comments

“BLAST Premier” rəhbərliyi “BLAST Open Spring” turniri zamanı “Counter-Strike 2″nin son yenilənməsini tətbiq etməmək qərarına gəlib. Turnir yarışın başlanğıcında istifadə olunan orijinal patç (oyunun müəyyən bir versiyası) üzərindən davam etdiriləcək.

Bu qərar “Valve” şirkətinin martın 18-də geympleydə (oyun prosesi) əsaslı dəyişikliklər edən, xüsusilə yenidən doldurma mexanikasını tamamilə yeniləyən “patch”ı yayımlamasından sonra qəbul edilib. Xatırladaq ki, yeni sistem oyunçuları silahı doldurarkən maqazində qalan patronları itirməyə məcbur edir. Bu isə döyüş sursatının idarə olunmasını daha da sərtləşdirir və oyun daxili strateji qərarların əhəmiyyətini artırır.

Dəyişikliklərin miqyasına baxmayaraq, BLAST adaptasiya əvəzinə stabilliyə üstünlük verib. Turnir rəsmiləri yarışın ortasında versiya dəyişikliyi etməkdən qaçaraq, martın 27–29-u tarixlərinə planlaşdırılan pley-off qarşılaşmaları da daxil olmaqla, bütün oyunların eyni şərtlər altında keçirilməsini təmin etmək niyyətindədirlər.

Nəticədə, kiberidman həvəskarları hələlik bu yeni mexanikaları yüksək səviyyəli (Tier-1) yarışlarda görə bilməyəcəklər. Yeni sistemin LAN (oflayn turnir) formatında debütü aprelin 4-də başlayacaq “PGL Bucharest 2026” turnirində gözlənilir.

Yenilənmənin oyunun metasını ciddi şəkildə dəyişəcəyi proqnozlaşdırılsa da, BLAST üçün rəqabət dürüstlüyünü qorumaq hər şeydən vacibdir — hətta bu, oyunun son vaxtlardakı ən böyük yeniliyinin tətbiqini gecikdirsə belə.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın