Borderlands 4 ətrafında qalmaqal: İstifadəçi müqaviləsi casusluq narahatlığı yaratdı

by Nigar Məmmədova
0 comments

Borderlands oyun seriyası uzun zamandır gözlənilən dördüncü hissənin buraxılışına az qalmış ciddi qalmaqalla üzləşib. Populyar bloger Hellfire tərəfindən yayımlanan araşdırma videosu oyunçuların ciddi narazılığına səbəb olub və minlərlə istifadəçi seriyanın əvvəlki oyunlarına Steam-də kütləvi şəkildə mənfi rəy yazmağa başlayıb. Nəticədə Borderlands oyunlarının reytinqi “qırmızı zona”ya düşüb.

Yeni EULA və şübhəli maddələr

Narazılığa səbəb olan əsas məsələ istifadəçi müqaviləsində (EULA) səssiz şəkildə edilən dəyişikliklərdir. Hellfire-ın açıqlamasına görə, bu dəyişikliklər Gearbox Software studiyasına oyunçular barədə artıq dərəcədə şəxsi məlumat toplamaq hüququ verir və mod yaratma azadlığını məhdudlaşdırır. Bloger iddia edir ki, bu, oyunçulara qarşı rəsmi casusluğun legitimləşdirilməsi deməkdir.

Xüsusilə modifikasiya (modding) icmasına aid məhdudiyyətlər fanatların qəzəbini artırıb. Yeni qaydalar, istifadəçilərin fəaliyyətlərinin izlənməsi, şəxsi məlumatların emalı və mod yaradıcılarına texniki maneələrin tətbiq olunması ilə bağlı narahatlıqlar doğurur.

Borderlands 4-ün buraxılış ərəfəsində PR böhranı

Borderlands 4-ün sentyabrda planlaşdırılan buraxılışına üç ay qalmış bu qalmaqal Gearbox üçün ciddi PR böhranına çevrilib. İstehsalçılar hələ ki, məsələyə rəsmi reaksiya verməyiblər. Borderlands 3 oyununun Steam-dəki istifadəçi reytinqi cəmi bir həftə ərzində “ümumilikdə müsbət” səviyyəsindən “qarışıq” statusuna enib. Oyunun səhifəsində “casusluq” və “məxfilik pozuntusu” kimi etiketlər yayılmağa başlayıb.

Oyunçulardan boykot çağırışları və petisiya

Vəziyyətdən narazı oyunçular Borderlands 4-ü boykot etməyə çağırır və studiyadan EULA-ya edilən dəyişiklikləri geri qaytarmağı tələb edirlər. Artıq minlərlə imza toplanmış petisiya yayımlanıb. İcma dəyişikliklərdən əvvəlki şəffaf və azad istifadəçi şərtlərinin bərpasını tələb edir.

Ekspertlər hesab edirlər ki, bu cür qalmaqallar təkcə bir oyuna deyil, bütövlükdə brendin gələcək perspektivlərinə də mənfi təsir edə bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın