CS2 üzrə StarLadder Budapest Major 2025 turniri üçün seçmə mərhələlərin formatı rəsmi şəkildə dəyişdirildi. Valve şirkəti əvvəlki regional təsnifat mərhələlərini (MRQ) ləğv edərək, bütün iştirakçıların yalnız reytinq sistemi ilə (VRS — Valve Regional Standings) müəyyən ediləcəyini açıqlayıb.
Yeni sistem necə işləyəcək?
StarLadder-in verdiyi məlumata görə, turnirdə iştirak edəcək 32 komandanın hamısı VRS reytinqi əsasında dəvət alacaq. Heç bir region üzrə açıq və ya qapalı təsnifat mərhələsi keçirilməyəcək. Komandalara dəvət məktubları 8 oktyabr 2025-ci ildə göndəriləcək.
“VRS-in əsas məqsədlərindən biri — icma turnirlərini standartlaşdıraraq onları Major-lara uyğun hala gətirməkdir. Mövcud mərhələdə hesab edirik ki, ayrıca seçim mərhələsi turnirin ümumi ritminə mane olur”, — deyə Valve bəyan edib.
StarLadder Budapest Major 2025 haqqında
- Turnirin tarixi: 24 noyabr – 14 dekabr 2025
- Keçirilmə yeri: Budapeşt, Macarıstan
- Mükafat fondu: 1,25 milyon ABŞ dolları
Əvvəllər 16 komandanın birbaşa dəvətlə, qalanlarının isə MRQ vasitəsilə seçiləcəyi planlaşdırılırdı. Yeni sistemlə bütün 32 komanda yalnız VRS nəticələrinə əsasən müəyyən ediləcək.
Bu dəyişiklik, peşəkar CS2 komandasının davamlı turnirlərə çıxışını və performans sabitliyini daha da vacib edəcək.