Martın 25-nə keçən gecə “Dota 2” üçün oyunun gedişatını kökündən dəyişən qlobal 7.41 “patch”ı yayımlandı. Tərtibatçılar “facet” (qəhrəman xüsusiyyətləri) sistemini oyundan kənarlaşdırıb, anadangəlmə bacarıqları (innate abilities) yenidən işləyib və xəritənin landşaftında bir sıra mühüm dəyişikliklər ediblər.
Anadangəlmə bacarıqlar artıq fərqli işləyir
“Valve” anadangəlmə bacarıqlar mexanikasını təkmilləşdirib. İndi bu bacarıqların effektivliyi digər skillərin (bacarıqların) səviyyəsindən asılı olmayacaq. Əvvəllər digər qabiliyyətlərlə paralel güclənən bütün anadangəlmə bacarıqlar artıq ya sabit bonuslar verir, ya da qəhrəmanın səviyyəsi artdıqca avtomatik olaraq yüksəlir.
Xəritədə yerdəyişmə: “Tormentor”lar yeni məkanda
Xəritədə bir çox mühüm obyektin yeri dəyişdirilib. Xüsusilə, “Tormentor” (Əzabverən) canavarlarının mövqeyi yenilənib; artıq onlar ilk dəfə aşağı yarıqda (lower rift) peyda olacaqlar. Bu dəyişiklik komandaların oyunun başlanğıcındakı hərəkət marşrutlarına və strategiyalarına birbaşa təsir edəcək.
9 yeni əşya əlavə edildi
Yeni “patch”la birlikdə oyuna 9 yeni artifakt daxil edilib. Bunlardan 4-ü baza əşyası, 5-i isə müəyyən reseptlər əsasında yığılan (combined) əşyalardır:
- Baza əşyaları: Chasm Stone, Shawl, Splintmail, Wizard Hat.
- Yığılan əşyalar: Consecrated Wrasp, Crella’s Crozier, Essence Distiller, Specialist’s Array, Hydra’s Breath.
7.41 yenilənməsinin gətirdiyi bütün dəyişikliklərin tam və detallı siyahısı ilə “Dota 2”-nin rəsmi internet saytında tanış olmaq mümkündür.