8 noyabr gecəsi Valve, Dota 2 üçün yeni bir yeniləmə ilə oyuna Kez adlı yeni qəhrəmanı əlavə edib. Bu qəhrəman ilk dəfə The International 2024-ün son günündə tanıdılıb. Kez artıq oyunun reytinqli matçlarında istifadə oluna bilər, lakin Captains Mode rejimində hələ ki, mövcud deyil.
Kez-in özünəməxsus döyüş taktikası var, çünki o, iki fərqli döyüş stilinə malikdir və hər biri fərqli silahlar və bacarıq dəstləri ilə təchiz olunub. Kazuray qılıncını istifadə etdiyi zaman bir dəst, Shodo ordeninə məxsus sai bıçaqlarını istifadə edərkən isə başqa bir dəst bacarıq əldə edir. Bu da ona döyüş zamanı unikal hərəkətlər etmə imkanı verir.
Kez, kazuray adlı antropomorfik quş-döyüşçü tayfasına məxsusdur və onun hekayəsi “Düşən Tac” (The Fallen Crown) adlı hadisə ətrafında cərəyan edir. Yaxın döyüş qəhrəmanı olan Kez əsas atributu çeviklikdir. Onun keçmişi mübarizələrlə və mükafat təqibi ilə doludur. “Doğulandan bəri başımın qiyməti artıb. Bu qiymət hər dəfə təcrübəmlə birlikdə yüksəldi. İmperiya kraliçası qiyməti daha da artıranda başa düşdüm ki, düzgün yoldayam. İndi isə qiymətimi yenidən layiq olduğu səviyyəyə qaldırmalıyam.”
Kez-in döyüş strategiyası çeviklik və vəziyyətə uyğun hərəkətlərə əsaslanır. O, sürətlə kazuray qılıncı və sai bıçaqları arasında dəyişiklik edərək düşmənlərinə hücum edir, zərbələri dəf edir və vəziyyətə görə geri çəkilir. Amma ciddi bir döyüşdə Kez əvvəlcədən hər şeyə hazırlıqlı olaraq uyğun silah və bacarıqlarını seçir, bu da ona rəqiblərini asanlıqla məğlub etməyə imkan yaradır.
Kez, Dota 2-də “Düşən Tac” hadisəsinin dördüncü aktı ilə birlikdə təqdim olunub. Bu akt oyundakı kraliça ilə qəhrəmanlar arasında baş verəcək son döyüşü əks etdirir. Oyunçular üçün yeni tapşırıqlar, mükafatlar və mini oyunlar artıq əlçatandır.