Electronic Arts rəsmi olaraq EA Sports FC 26 oyununu təqdim etdi — bu, əvvəllər FIFA adı ilə tanınan futbol simulyatorunun yeni hissəsidir. Anons zamanı tərtibatçılar ilk treyleri nümayiş etdirdi və oyunla bağlı əsas detalları paylaşdı.
EA Sports FC 26-da ənənəvi olaraq realistik fizika, yüksək keyfiyyətli qrafika, təkmilləşdirilmiş animasiyalar və gücləndirilmiş süni intellekt vəd edilir. Oyun 20 000-dən çox lisenziyalı futbolçu, 750-dən artıq klub, 35-dən çox liqa və milli yığmaları əhatə edəcək. Həmçinin dünyanın müxtəlif stadionları da daxil olacaq.
Ultimate Team rejimi yenilənəcək: yeni tədbirlər, turnirlər, eləcə də yenidən işlənmiş Rivals və Champs rejimləri təqdim ediləcək. Menecer karyerası rejimi də ciddi dəyişikliklərə uğrayacaq — həm qısa epizodlar, həm də çoxmövsümlü süjet kampaniyaları mövcud olacaq.
Əsas yeniliklərdən biri arxetip sistemi olacaq. Oyunçular öz personajlarını inkişaf etdirə, unikal bacarıqlar (perk) aça və fərdi oyun tərzini formalaşdıra biləcəklər.
Standart versiyanın üz qabığında İngiltərə millisinin ulduzu Cude Bellingham və Almaniya yığmasının istedadlı futbolçusu Jamal Musiala yer alacaq. Ultimate Edition-da isə futbol əfsanəsi Zlatan İbrahimoviç olacaq.
EA Sports FC 26 oyunu 26 sentyabrda PC (Steam, Epic Games Store), Xbox, PlayStation və Nintendo Switch platformaları üçün çıxacaq. Ultimate Edition sahibləri üçün erkən giriş 19 sentyabrda başlayacaq. Ön sifarişlər artıq açıqdır.