“Epic Games” şirkəti işçi qüvvəsinin kütləvi şəkildə ixtisar edilməsinə başlayıb. Tanınmış oyun jurnalisti Ceyson Şrayerin (Jason Schreier) verdiyi məlumata görə, şirkət 1000 nəfər əməkdaşı ilə yollarını ayırır.
Bu kəskin addımın əsas səbəbi şirkətin flaqman layihəsi olan “Fortnite” oyununa marağın və istifadəçi aktivliyinin azalmasıdır. Şirkətin çərşənbə axşamı yayımladığı rəsmi bloq yazısında maliyyə vəziyyətinin gərgin olduğu etiraf edilir: “Biz qazandığımızdan qat-qat çox xərcləyirik. Şirkətin maliyyə dayanıqlığını təmin etmək üçün ciddi ixtisarlar etmək məcburiyyətindəyik”.
“Epic Games” ixtisara düşən əməkdaşları taleyin ümidinə buraxmayacağını və onlara ən azı dörd aylıq əmək haqqı məbləğində çıxış müavinəti (təzminat) ödəniləcəyini bildirib.
Qeyd edək ki, bu, son üç il ərzində şirkətdə baş verən ikinci böyük ixtisar dalğasıdır. 2023-cü ilin sentyabrında da “Epic Games” bənzər səbəblərdən 830 əməkdaşını işdən çıxarmışdı.
Şirkətin maliyyə vəziyyətini düzəltmək cəhdləri bununla bitmir. Belə ki, ötən həftə “Fortnite” daxili oyun valyutasının qiymətləri də artırılıb. Rəhbərlik bu addımı “oyunun saxlanma xərclərinin kəskin artması və hesabların ödənilməsi zərurəti” ilə əsaslandırıb.