Epic Games “Fortnite” üçün istifadəçi məzmunu yaradan bir qrup kontent-meykerə qarşı məhkəmə prosesi başladıb.
Şirkət onların hazırladığı “adalar”dakı oyunçu aktivliyinin saxta şəkildə artırılmasından şübhələnib. İddia ABŞ-ın Miçiqan ştatının Şərq dairə məhkəməsinə təqdim olunub.
Məhkəmə sənədlərinə əsasən, bəzi müəlliflər bot hesablar vasitəsilə oyunçu fəaliyyətini təqlid edib. Bu, onların adalarının “populyarlığını” süni şəkildə artırıb və nəticədə minlərlə dollar həcmində əsassız ödənişlər almalarına səbəb olub. Fortnite sistemində kontent-yaradıcıların ümumi gəliri oyundaxili mağazadan və monetizasiya modellərindən gələn gəlirin 40%-i hesabına formalaşır.
Epic Games bildirib ki, bəzi adalar üzərindəki trafikin böyük hissəsi botlar tərəfindən yaradılıb. Bu səbəbdən şirkət artıq pozuntu edən kontent-meykerlərin hesablarını bağlayıb, müvafiq adaları isə silib.
Məhkəmə işi saxtakarlıq, müqavilə pozuntusu və müəllif hüquqlarının pozulması maddələri üzrə aparılır. Epic Games dəyən zərərin ödənilməsini və cavabdehlərin Fortnite-a girişinin tam qadağan edilməsini tələb edir.
Fortnite — 2017-ci ildə Epic Games və People Can Fly tərəfindən hazırlanmış onlayn oyunudur. Layihə üç əsas rejim təklif edir: Save the World (kooperativ sağ qalma rejimi), Battle Royale (100 oyunçu ilə rəqabətli döyüş) və Creative (oyunçuların öz adalarını yaratdığı yaradıcılıq rejimi).