Kibersport dünyasının ən məşhur turnir təşkilatçılarından biri olan ESL, fəaliyyətinin 25 illiyini xüsusi formada qeyd edib. Şirkət bu münasibətlə limitli sayda kolleksiya sikkəsi buraxıb.
Yubileyə həsr olunan “ESL 25th Anniversary Coin” adlı sikkədən cəmi 500 ədəd istehsal olunub. Onları ESL-in rəsmi onlayn mağazası vasitəsilə əldə etmək mümkündür. Qiyməti — 50 avro.
Sikkə qara rəngdə dizayn edilib və üzərində “25 Years of ESL” yazısı və şirkətin loqosu yer alır. Arxa tərəfində isə belə qeyd var:
“Birlikdə qurulan irs. 25 illik kibersportun formalaşmasında bizə qoşulduğunuz üçün təşəkkür edirik.”
ESL (Electronic Sports League) 2000-ci ildə Ralf Rayxert tərəfindən Almaniyada təsis edilib. Şirkət bu gün CS2, Dota 2 və digər oyun növləri üzrə dünya səviyyəli turnirlərin aparıcı təşkilatçılarından biridir.