CS2 üzrə prestijli IEM Dallas 2025 turnirində yarımfinal mərhələsi başa çatdı. Həlledici qarşılaşmada MOUZ və Vitality komandaları üz-üzə gələcək. Hər iki kollektiv müvafiq olaraq The MongolZ və Falcons üzərində qələbə qazanaraq finala yüksəldi.
MOUZ – The MongolZ qarşılaşması 2:0 hesabı ilə başa çatdı. Hər iki xəritə – Inferno və Nuke – gərgin mübarizə şəraitində keçdi və 13:11 hesabı ilə yekunlaşdı. Inferno xəritəsində MOUZ müdafiə tərəfdə ilk yeddi raundu ardıcıl qazandı. The MongolZ isə fərqi azaldaraq fasiləyə 4 raund geridə yollandı. İkinci hissədə monqol oyunçular 11:10 önə keçsələr də, vacib bir raundda buraxdıqları səhv MOUZ-un təşəbbüsü ələ almasına və xəritəni qazanmasına səbəb oldu.
Nuke xəritəsində The MongolZ ilk hissədə üstünlük qazandı (6:1). Xüsusilə də snayper Usukhbayar “910” Banzragch parlaq çıxış etdi. Amma ikinci hissədə Adam “torzsi” Torjaş və Jimi “Jimpphat” Salo-nun liderliyi ilə MOUZ dönüş edə bildi və yenidən 13:11 hesabı ilə qalib gəldi.
İkinci yarımfinalda Vitality komandası Falcons üzərində 2:1 hesablı qələbə qazandı. İlk xəritə Dust2 Vitality-nin tam üstünlüyü ilə keçdi – 13:7. Lakin Train xəritəsində Falcons cavab verərək 13:6 hesabı ilə bərabərlik yaratdı. Həlledici Inferno xəritəsində isə Vitality ilk altı raundu qazansa da, Falcons fasiləyə qədər hesabı bərabərləşdirdi. Oyunun ikinci hissəsində Vitality yenidən təşəbbüsü ələ aldı və son raundlara qədər davam edən qarşılaşmanı 13:11 hesabı ilə tamamladı.
Beləliklə, IEM Dallas 2025-in böyük finalında MOUZ və Vitality mübarizə aparacaq. MOUZ üçün bu, mövsümdə dördüncü, Vitality üçün isə ardıcıl altıncı final olacaq. Qalib dünyanın ən güclü CS2 komandalarından biri kimi tanınacaq.