xAI startapı İlon Maskın rəhbərliyi altında oyunları “yenidən böyük etmək” üçün süni intellekt əsaslı inkişaf studiyası yaradır.
27 noyabrda sosial şəbəkələrdə açıqlama verən İlon Mask, çox sayda oyun studiyasının iri korporasiyalara məxsus olduğunu tənqid edərək, özünün azad və korporativ məhdudiyyətlərdən uzaq bir studiya yaratmağı planlaşdırdığını bəyan edib.
Mask qeyd edib ki, yaradılacaq yeni studiyada süni intellekt texnologiyalarından istifadə olunacaq. Amma onun planlarının təfərrüatları hələlik açıqlanmayıb. xAI şirkətinin rəsmi səhifələrində bu mövzuda hər hansı elan verilməyib, bu səbəbdən Maskın niyyətlərinin nə qədər ciddi olduğu bəlli deyil.
Maskın bu açıqlaması, onun Obsidian Entertainment studiyasının Avowed adlı RPG oyununun art-direktoru Mett Hansenlə sosial şəbəkədə mübahisəsindən bir neçə saat sonra gəldi. Mask, oyunun bəzi personajlarının gender əvəzliklərindən istifadə etməsinə etiraz edib.
Avowed oyununun çıxışı 18 fevral 2025-ci il tarixinə planlaşdırılıb. Lakin Mask ilə Hansen arasında baş verən qalmaqal səbəbilə bir çox oyunçu artıq əvvəlcədən sifarişlərini ləğv etməyə başlayıb.