26 iyul tarixində məşhur ispan strimeri İbay “ibai” Llanos beşinci boks şousu La Velada del Año V-ni keçirdi və növbəti dəfə izləyici rekordu ilə yadda qaldı. Streams Charts-ın məlumatına görə, onun Twitch-dəki yayımını eyni anda 9,33 milyondan çox insan izləyib — bu, həm İbay, həm də Twitch platforması üçün yeni rekorddur.
La Velada del Año nədir?
La Velada del Año — məşhur kontent yaradıcıları, blogerlər və strimerlər arasında keçirilən boks şousudur. Tədbirlər adətən İspaniyanın iri stadionlarında təşkil olunur, minlərlə tamaşaçını tribunalarda, milyonlarla izləyicini isə onlayn toplayır. Şou eyni zamanda məşhur musiqiçilər, repçilər və DJ-lərin çıxışları ilə müşayiət olunur. Bu seriyanın təşkilatçısı İbay Llanosdur.
Bu il La Velada del Año V Sevilyadakı Estadio de La Cartuja stadionunda baş tutdu. Təşkilatçılar bildiriblər ki, 80 min biletdən ibarət tribunalar tamamilə satılıb. Tədbir çərçivəsində kişi və qadınlar arasında 7 boks döyüşü keçirilib. Gecənin əsas qarşılaşması ispan David “TheGrefg” Kanovas və kolumbiyalı Luis “WestCol” Alvares arasında olub.
TheGrefg və WestCol dünyanın ən məşhur ispan dilli strimerlərindəndir və onların birgə izləyici sayı 20 milyonu keçir. Hər iki strimer üçün bu La Velada seriyasında ilk iştirakı idi və döyüş TheGrefg-in texniki nokautla qələbəsi ilə başa çatdı.
Musiqi proqramı və yayım statistikası
Boks qarşılaşmalarına əlavə olaraq tamaşaçılar məşhur ifaçıların musiqi çıxışlarını da izləyə biliblər. Səhnədə Myke Towers, Eladio Carrión, Melendi, Aitana və digər məşhur qonaqlar çıxış edib.
Rəsmi yayım yalnız İbayın Twitch kanalında aparılıb və digər retranslyasiyalar platformanın moderatorları tərəfindən bloklanıb. Bununla belə, bir çox strimer döyüşləri öz auditoriyaları ilə “radio yayım” formatında kollektiv şəkildə izləmişdir.
La Velada del Año V-in canlı yayımı 7,5 saatdan çox davam edib və 45 milyon saatdan artıq baxış toplayıb — bu göstərici böyük e-idman turnirlərinə bərabərdir. Strimin orta baxış sayı 6 milyon nəfəri keçib, pik anında isə 9,33 milyon izləyici olub — bu, Twitch tarixində bütün zamanların rekordudur. Əvvəlki rekord da İbaya məxsus idi (3,85 milyon – La Velada del Año IV).
Bu uğurlu yayım nəticəsində İbay hazırda Twitch platformasında ən çox abunəçisi olan strimerə çevrilib — onun kanalında 19,74 milyondan çox izləyici var. İkinci yeri amerikalı strimer Tayler “Ninja” Blevins tutur (19,2 milyon izləyici).
La Velada del Año V sayəsində Twitch platforması da rekord qırıb — ümumilikdə 14 milyon nəfər eyni vaxtda yayıma qoşulub. Twitch bu göstərici ilə YouTube-dan sonra ikinci yerdədir, lakin platformalar arasındakı fərq xeyli azalıb.