Uğurlu indie-oyun Megabonk-un yaradıcısı Vedinad The Game Awards 2025-də “Ən yaxşı debüt indie-oyunu” nominasiyasından könüllü şəkildə imtina etdiyini açıqlayıb.
O, belə bir nominasiya almağın “böyük şərəf və arzu” olduğunu etiraf etsə də, layihənin bu kateqoriyaya tam uyğun olmadığını düşündüyünü bildirib.
Vedinad bəyanatında vurğulayıb:
“Mən artıq müxtəlif studiya adları altında başqa oyunlar yaratmışam, buna görə də Megabonk mənim debütüm deyil. Bu kateqoriyada iştirak etmək düzgün olmazdı.”
İnkişafçı həmçinin pərəstişkarlarını digər namizədlərə səs verməyə çağırıb və tezliklə oyun üçün yeni kontent yeniləməsi olacağını söz verib.
The Game Awards tədbirinin təşkilatçısı Ceff Kili bu qərara reaksiya verərək inkişafçıya səmimiyyəti üçün təşəkkür edib və Megabonk-un namizədlər siyahısından çıxarıldığını təsdiqləyib. Lakin oyun icmasının bir qismi bu prinsipial mövqelə razılaşmayaraq bildirib ki, layihə yeni studiyanın debütü sayılır və tanınmağa layiqdir.
Xatırladaq ki, daha əvvəl The Game Awards 2025-də “İlin oyunu” nominasiyasının iştirakçıları açıqlanmışdı.