Microsoft konsol bazarında radikal dəyişikliklərə imza atmağa hazırlaşır. Məlumata görə, şirkət Xbox platformasına Steam inteqrasiyası üzərində işləyir. Bu barədə tanınmış insayder eXtas1s məlumat verib. O qeyd edir ki, yeni funksiyanın daxili sınaqları artıq aparılır.
Steam kitabxanası birbaşa Xbox-da
Bu yenilik oyunçulara Steam hesablarındakı oyunlara birbaşa Microsoft Store interfeysi üzərindən çıxış imkanı yaradacaq. Belə bir addım oyun ekosistemlərinin tarixində ilk olacaq və istifadəçilərə platformalar arası sərbəstlik qazandıracaq.
Qeyd edək ki, hələ mart ayında Microsoft təsadüfən Xbox interfeysində Steam oyunlarının filtrləndiyi bir ekran görüntüsünü yayımlamışdı. Həmin şəkil tezliklə silinsə də, insayderlər bu hadisənin planlı sızıntı olduğunu istisna etmirlər.
Yeni portativ cihaz da gəlir?
İnformasiyaya görə, bu inteqrasiya Asus ilə birlikdə hazırlanan hibrid Xbox/PC portativ konsolu üçün nəzərdə tutulur. Səslənən şayiələrə əsasən, bu cihaz həm Xbox Game Pass, həm də Steam oyunlarını eyni vaxtda dəstəkləyəcək.
Bu yanaşma Microsoft-un rəqabət deyil, əməkdaşlıq strategiyasına üstünlük verdiyini göstərir. Əgər layihə gerçəkləşsə, bu oyun sənayesində bütün qaydaları dəyişə bilər.
Ekspertlər nə deyir?
Texnoloji ekspertlər hesab edirlər ki, bu strategiya Microsoft-un son illər üstünlük verdiyi platformalararası uyğunluq və bulud texnologiyalarına tam uyğun gəlir. Rəsmi təsdiq olmasa da, ehtimal olunur ki, bu barədə rəsmi təqdimat yaxın aylarda baş tutacaq.
Belə bir yenilik yalnız Xbox-un bazardakı mövqeyini gücləndirməyəcək, eyni zamanda oyun sənayesində yeni standartlar müəyyən edə bilər.