“Assassin’s Creed III” və “Far Cry 4” oyunlarının yaradıcı direktoru Aleks Hatçinson (Alex Hutchinson) “PC Gamer” nəşrinə verdiyi müsahibədə oyun elementlərinin (assets — oyunun yaradılmasında istifadə olunan qrafika, səs və s. materiallar) təkrar istifadəsi ilə bağlı kifayət qədər ziddiyyətli bir mövzuya toxunub.
Onun fikrincə, oyun sənayesi heç bir ciddi ehtiyac olmadan eyni materialların yenidən işlənməsinə nəhəng resurslar xərcləyir. Hatçinson misal olaraq öz təcrübəsindən — “Black Flag” oyununda animasiyaların 80%-nin “Assassin’s Creed III”-dən götürüldüyünü qeyd edir.
Oxşar vəziyyət “Far Cry 4” və “Far Cry Primal” oyunlarında da yaşanıb. O vaxtlar oyunçular xəritələrin oxşarlığını dərhal hiss edərək tərtibatçıları tənbəllikdə ittiham etmişdilər.
“Mən həmkarlarıma deyirdim: insanlara izah edin ki, bura eyni məkandır, sadəcə 40 min il əvvəlki dövrdür. Heç kim heç nə demədi və nəticədə hər kəs ‘tənbəl tərtibatçılar’ deyə qışqırmağa başladı”, — deyə o xatırlayır.
Təkrar istifadə: Tənbəllik, yoxsa peşəkarlıq?
Hatçinson “Yakuza” seriyasının müəllifi olan Yaponiyanın “RGG” studiyasının yanaşmasını “dahiyanə” adlandırır. Bu seriyada pərəstişkarlar tanış lokasiyaları yenidən görməyi səbirsizliklə gözləyirlər və studiya bu texniki məhdudiyyəti franşizanın özünəməxsus xüsusiyyətinə çevirməyi bacarıb.
“Assassin’s Creed seriyasında animasiyalar bir neçə mərhələdən keçir. Black Flag-da Assassin’s Creed III-dəki məzmunun təxminən 80%-i təkrar istifadə olunub. Bu, böyük studiyalar üçün tamamilə normaldır”, — deyə Hatçinson bildirib.
O, oyun elementlərinin təkrar istifadəsinin müasir dövrdə normaya çevrilməli olduğunu düşünür: “Biz onlardan kifayət qədər istifadə etmirik. Bəlkə də gələcəkdə aylarlarla vaxta qənaət etmək üçün prototiplərin hazırlanmasında süni intellektdən (AI) istifadə olunacaq”.
Buna baxmayaraq, Hatçinson süni intellektə qarşı skeptik yanaşır və onun oyun istehsalı prosesini tamamilə dəyişəcəyini gözləmir.