Pakistanda 17 yaşlı Zayn Əli ailəsini – anasını, qardaşını və iki bacısını öldürdüyünə görə 100 il müddətinə azadlıqdan məhrum edilib. Hadisənin səbəbi gəncin PUBG oyununa aludəçiliyi və əsəb pozuntusu olub.
Məhkəmə Lahorda keçirilib. Hakim Riyaz Əhməd hər bir qətl üçün gəncə 25 il həbs verib (cəmi dörd ömürlük cəza). Onun yaşı nəzərə alınaraq ölüm hökmü əvəzlənib.
Cinayət baş verəndə Əlinin yaşı cəmi 14 idi. O, Lahorun Kaxna adlı sıx məhəlləsində ailəsi ilə yaşayırdı və “PUBG-ə bağlı oyunçu” kimi tanınırdı. Günlərinin çoxunu otağına qapanaraq oyunda keçirirdi, bu səbəbdən də dəfələrlə anasının danlaqları ilə üzləşirdi.
Polisin məlumatına görə, Əli oyunda uğursuz olduqda və tapşırıqları yerinə yetirə bilmədikdə aqressivləşirdi. Cinayət günü də məqsədinə çata bilmədiyi üçün əsəbiləşib, üstəlik anasının növbəti tənbehindən sonra özünü idarə etməyib. O, anasına məxsus tapançanı götürərək otaqda yatan anasını və bacılarını güllələyib. Hadisə nəticəsində anası (45 yaş), qardaşı Taimur (20 yaş), bacıları Mahnur (15 yaş) və Cənnət (10 yaş) həlak olub.
Hakim qərarında cinayətin səbəbini açıq şəkildə gəncin oyuna aludəçiliyi və psixoloji gərginliyi ilə əlaqələndirib.
PUBG — “battle royale” formatlı çoxnəfərli onlayn oyun olub, burada 100 oyunçu “son sağ qalan” titulunu qazanmaq üçün mübarizə aparır.