Hindistanda mütəxəssislər onlayn oyunlar vasitəsilə bir-biri ilə ünsiyyətdə olan oyunçular arasında yaranmış qruplu sayıqlama (kollektiv psixoz) halını sənədləşdiriblər.
Bu barədə Consortium Psychiatricum adlı tibb jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Məqalədə Qərbi Benqal ştatının müxtəlif şəhərlərində yaşayan üç nəfərin hekayəsi təsvir olunur. Onlar üç il ərzində hər gün onlayn birlikdə oyun oynayıblar. Zaman keçdikcə oyunçular arasında ortaq təqib sayıqlaması formalaşıb — onlar inanmağa başlayıblar ki, bəzi təşkilatlar süni intellekt vasitəsilə onları izləyir.
İlk olaraq psixiatrik yardım üçün müraciət edən şəxs qrupdakı əsas “induktor”, yəni sayıqlama ideyalarının mənbəyi olub. Həkimlər onun oyun dostları ilə də əlaqə saxlayıblar. Hər üç nəfərə “induksiya olunmuş sayıqlama pozuntusu” diaqnozu qoyulub.
“Təqib sayıqlaması və yuxusuzluq müşahidə edilən induktorun təsiri altında digər oyunçular da eyni inancı bölüşməyə başlayıblar. Onlarda sosial təcrid və induktora psixoloji asılılıq yaranıb”, – deyə məqalədə bildirilir.
Tədqiqat müəlliflərinin sözlərinə görə, bu hadisə onlayn ünsiyyət vasitəsilə yaranmış ilk sənədləşdirilmiş kollektiv psixoz nümunəsidir. Pasiyentlərə antipsixotik dərmanlar təyin olunub və bir müddət bir-birilə onlayn əlaqəni kəsmək tövsiyə edilib.
İki-üç ay sonra hər üç oyunçuda psixoloji vəziyyətin sabitləşməsi və sosial funksiyaların qismən bərpası müşahidə olunub.