Ukraynalı GSC Game World studiyasının hazırladığı S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl oyunu Xbox Excellence Award 2025 mükafatı ilə təltif olunub. Bu barədə məlumatı studiya özünün rəsmi X hesabında paylaşıb.
“S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl Xbox Excellence Award 2025 mükafatını qazandı! Hər il Xbox komandası ən yaxşı oyunları seçir və bu dəfə onların arasında bizim layihə də var”, – deyə paylaşımda bildirilir.
Paylaşımda həmçinin Xbox komandasının təşəkkür məktubu və mükafatın şəkli də yer alıb.
GSC Game World studiyası öz təşəkküründə qeyd edib:
“Xbox və bütün oyun icmasına S.T.A.L.K.E.R. 2 layihəmizə göstərdiyi diqqət və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu mükafat sizin — Çernobılın ürəyini axtarmağa cəsarət edən oyunçuların sayəsində mümkün oldu. Bizimlə olduğunuz üçün minnətdarıq”.
Xbox Excellence Award hər il müxtəlif janrlarda fərqlənən, texniki və yaradıcı baxımdan yüksək səviyyədə hazırlanmış oyunlara verilir. Bu ilki laureatlar arasında Dragon’s Dogma 2, Balatro, Metaphor: ReFantazio kimi oyunlar da yer alır.