NeoBards Entertainment və nəşriyyatçı Konami psixoloji qorxu janrında hazırlanan Silent Hill f oyununun uğurunu açıqlayıblar.
Oyun 25 sentyabr 2025-də PC (Steam, Epic Games Store), PlayStation 5 və Xbox Series X|S konsolları üçün çıxış edib. Bu, məşhur Silent Hill seriyasının müstəqil spin-off layihəsidir. Hadisələr 1960-cı illərin Yaponiyası, Ebisugaoka şəhərində cərəyan edir. Əsas qəhrəman — məktəbli Hinako Simidzu sirli və qorxulu hadisələrlə üz-üzə qalır və yalnız məişət əşyaları və soyuq silahlarla özünü müdafiə edir.
İlk uğurlar
Silent Hill f erkən girişdə 23 sentyabrda əlçatan olub. Steam-də layihə əsasən müsbət rəylər qazanıb. İstifadəçilər maraqlı süjet xəttini, balanslaşdırılmış döyüş sistemini və əlavə, cansıxıcı tapşırıqların olmamasını bəyəniblər. Bununla belə, bəzi oyunçular oyunun klassik Silent Hill atmosferindən uzaq olduğunu qeyd ediblər.
Satış göstəricilərində həm fiziki disklər, həm də rəqəmsal versiyalar nəzərə alınıb. Silent Hill f cəmi 2 gün ərzində 1 milyon nüsxədən çox satılıb.