PGL Cluj-Napoca 2026 turniri çərçivəsində baş tutan qarşılaşmada Monqolustanın The MongolZ komandası Fransanın Vitality kollektivi ilə üz-üzə gəlib və 1-2 hesabı ilə məğlubiyyətlə üzləşib. Monqolustan təmsilçisi öz seçimi olan Mirage xəritəsində qələbə qazanaraq oyuna inamlı başlasa da, Vitality komandası Dust2 və Nuke xəritələrində ardıcıl qələbələr əldə edərək matçın taleyini öz xeyrinə dəyişib. The MongolZ xüsusilə Nuke xəritəsinə uğurlu start verməsinə baxmayaraq, buraxılan taktiki səhvlər onların bu xəritədə də uduzmasına səbəb olub.
Hazırda turnirdə bir qələbə və bir məğlubiyyətlik göstəriciyə malik olan The MongolZ mübarizəni davam etdirir. Komandanın növbəti rəqibi Ukraynanın B8 klubu olacaq. Bu vacib qarşılaşma bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
