21 yanvar tarixində Ubisoft şirkəti “böyük yenidənqurma” (grand restart) prosesinin başladığını elan etdi. Reorqanizasiya çərçivəsində Prince of Persia: The Sands of Time da daxil olmaqla altı oyun ləğv edildi, daha altı layihənin isə təqdimat tarixi təxirə salındı.
Şirkət həmçinin 2026-cı il üçün xalis sifariş proqnozlarını azaltdı və 2026/27 maliyyə ili üçün hədəflərini geri götürdü. Kanadanın Halifaks və İsveçin Stokholm şəhərlərindəki studiyalar bağlanır, digər ölkələrdəki ofislərdə isə restrukturizasiya işləri aparılır.
Şirkətin bu bəyanatından sonra Paris birjasında səhmləri kəskin şəkildə dəyər itirdi. Reuters-in məlumatına görə, səhmlərin qiyməti 35% düşərək hər vahid üçün 4,5 avroya enib, bazar kapitallaşması isə 616 milyon avroya qədər geriləyib. Hazırda Google Finance məlumatlarına əsasən, bir Ubisoft səhminin qiyməti cəmi 3,99 avro təşkil edir.