Şimali Amerikanın yeganə meyjor çempionu Uilyam “RUSH” Virzba 13 illik peşəkar karyerasına son qoyduğunu elan edib. O, 2018-ci ildə Cloud9 komandası ilə ELEAGUE Major Boston turnirində qələbə qazanaraq regionun tarixində iz qoyub.
RUSH-ın peşəkar yolu 2014-cü ildə Elevate komandası ilə başlayıb. Əsl sıçrayış isə 2016-cı ildə OpTic ilə baş verib:
- İlk meyjora vəsiqə qazanıb.
- ELEAGUE Season 2-də qələbə çalaraq yeganə MVP medalını əldə edib.
2017-ci ildə Cloud9-a keçən RUSH karyerasının ən uğurlu dövrünü yaşayıb:
- DreamHack Open Denver: Qələbə.
- iBUYPOWER Masters 2017: Birinci yer.
- ELEAGUE Major Boston 2018: FaZe-ə qarşı finalda qələbə ilə Şimali Amerikanın yeganə meyjor titulu.
RUSH Şimali Amerikadan meyjor qazanan altı oyunçudan biri kimi tarixə düşüb. Lakin sonrakı illərdə karyerası enişə keçib. Complexity ilə iki il ərzində yalnız BLAST Spring Europe onlayn turnirində qələbə əldə edib, digər Şimali Amerika komandalarındakı çıxışları isə nəzərəçarpan uğurlarla yadda qalmayıb.
Gedən yol və qərarın səbəbləri
31 yaşlı oyunçu karyerasını bitirmə qərarını belə izah edib:
“Mən özümə söz vermişdim ki, karyeramı iki halda bitirəcəm: ya fərdi bacarıqlarım xeyli zəifləyərsə, ya da peşəkar oyundan zövq almağı dayandırsam. Mən sadəcə ad və keçmiş uğurlar üçün müqavilə bağlayan oyunçu olmaq istəmirdim. Bu, azarkeşlərə, təşkilatlara və xüsusilə komanda yoldaşlarıma hörmətsizlik olardı,” – RUSH bildirib.
O, Counter-Strike 2-nin buraxılışından sonra qısa müddətlik motivasiya hissi keçirsə də, bu ehtirasın tezliklə sönməsini qeyd edib.
Gələcək planlar
RUSH Counter-Strike-a olan sevgisinin hələ də davam etdiyini vurğulayıb. O, gələcəkdə CS2-də məşqçi kimi və ya turnirlərdə media şəxsiyyəti olaraq fəaliyyət göstərməyə hazır olduğunu açıqlayıb.
“Mən CS-ni çox sevirəm və bu sahədə qalmaq istəyirəm. Məşqçilikdə uğur qazana biləcəyimə inanıram və turnirlərdə media rolunda da özümü sınamağa açığım,” – RUSH əlavə edib.
Uilyam Virzba Şimali Amerika CS səhnəsinin əfsanələrindən biri kimi yadda qalacaq. Onun ELEAGUE Major Boston qələbəsi regionun e-idman tarixində əbədi iz buraxıb. İndi isə azarkeşlər onun məşqçi kimi potensial uğurlarını səbirsizliklə gözləyir.