Valve “Dota 2”nin rəsmi saytında bu ilin ən böyük kiberidman hadisəsi – The International 2025 üzrə formatı təqdim edib. Turnir Almaniyanın Hamburq şəhərində keçiriləcək.
Yarış İsveçrə sistemi ilə start götürəcək. 16 komanda oxşar nəticələri olan rəqiblərə qarşı best-of-3 formatında oynayacaq. Üç komanda birbaşa əsas mərhələyə vəsiqə qazanacaq, daha 10 iştirakçı isə əlavə raundda beş yer uğrunda mübarizə aparacaq.
Əsas mərhələ 11–14 sentyabr tarixlərində Barclays Arena-da baş tutacaq. Burada dünyanın ən yaxşı 8 komandası ən azı 2,2 milyon dollarlıq mükafat fondu uğrunda qarşılaşacaq. Təşkilatçılar bildirib ki, həftəsonuna nəzərdə tutulan biletlər artıq satılıb, amma cümə axşamı və cümə gününə hələ də biletlər mövcuddur.
Həmçinin, əsas mərhələnin ilk iki günü iştirakçılar azarkeşlərlə imza-sessiyalarında görüşəcəklər. Valve yaxın zamanda tədbirlərin əlavə detalları, Crimson Witness əşyaları və xüsusi badge-lərlə bağlı açıqlama edəcəyini də vurğulayıb.