Valve şirkəti Dota 2 üçün yeni yeniləmə yayımlayıb. Steam-in məlumatına görə, artıq oyunçular The International 2025 turnirinə aid şərhçi və analitiklərin imzalarını, həmçinin komanda dəstək paketlərini almaq imkanına sahib olmayacaqlar.
TI14 kompediumuna daxil olan bu dəstlər satışdan çıxarılıb. Onlardan əldə edilən vəsaitlərin bir hissəsi turnirin mükafat fonduna yönləndirilirdi. Bununla belə, kompedium fəaliyyətini davam etdirir: oyunçular fentezi-liqada və proqnozlarda iştirak edərək mükafatlar qazana, həmçinin Team Falcons komandasının stikeri ilə çempion kapsulunu ala bilərlər.
The International 2025 Almaniyanın Hamburq şəhərində keçirilib. $2 881 457-lik mükafat fondu uğrunda 16 komanda mübarizə aparıb. Final qarşılaşmasında Team Falcons, Xtreme Gaming üzərində 3:2 hesablı qələbə qazanaraq çempion olub.