Warner Bros. kinoseriyasının davamı olan “Mortal Kombat II” üçün yeni və maraqla gözlənilən treyleri yayımladı. Videonun əsas diqqət mərkəzində “The Boys” serialından tanıdığımız Karl Urbanın canlandırdığı Conni Keydc obrazıdır. Maraqlıdır ki, 2021-ci il filminin baş qəhrəmanı Koul Yanq (Lyuis Tan) yeni promo materiallarda demək olar ki, görünmür.
New Line Cinema-nın istehsalı olan bu hissədə miqyas və vizual effektlərə xüsusi önəm verilib. Azarkeşlərin yaxından tanıdığı Kitana, Baraka və Kuan Çi kimi obrazlar da filmdə yer alıb. Lakin ən böyük sürpriz Sab-Ziro-nun qaranlıq Nub Saybot obrazında yenidən qayıtması olub. Treyler həm süjetin başlanğıcını, həm də oyun seriyasının sadiq pərəstişkarları üçün ikonik döyüş səhnələrini nümayiş etdirir.
Rejissor Saymon Makkuoyd qeyd edir ki, davam filmi birincinin atmosferini qorusa da, daha çox döyüş, daha geniş məkanlar və yeni qəhrəmanlar təklif edir. Ssenari müəllifi Ceremi Sleyter isə hekayənin sadəcə arenalardakı döyüşlərlə məhdudlaşmayacağını bildirib:
“Hətta döyüşlər arasında belə, qəhrəmanlar öz fərdi missiyalarını yerinə yetirəcəklər.” — deyə o, dramatik hekayə və yadda qalan “fatality” səhnələri vəd edib.
Mortal Kombat 2-nin premyerası 8 may 2026-cı il tarixinə planlaşdırılıb. Eyni zamanda studiya rəsmən təsdiqləyib ki, franşizanın üçüncü hissəsi artıq aktiv hazırlıq mərhələsindədir.