ONi Global kibersport təşkilatını təmsil edən bleed ləqəbli oyunçu, Riot Games-in yeni faytinq növü olan 2XKO üzrə ilk meycorn turnirinin qalibi olub. Bu qələbə Frosty Faustings XVIII festivalı çərçivəsində baş tutub. Qrand-finalda amerikalı bleed “Evil Geniuses” komandasından Stiv “Supernoon” Karbahal ilə qarşılaşıb.
Supernoon ilk oyunu 3:2 hesabı ilə qazanaraq turnir cədvəli qaydalarına əsasən şansları bərabərləşdirməyi (bracket reset) bacarsa da, həlledici matçda bleed daha güclü çıxış edərək 3:1 hesabı ilə qalib gəlib.
Ümumi mükafat fondu 50 min dollar olan turnirdə qalib 20 min dollar əldə edib. Qeyd edək ki, bleed bu çempionluğu 874 iştirakçı arasından seçilərək qazanıb.