“Counter-Strike 2” üzrə Asiyanın ən güclü komandalarından sayılan “The MongolZ“un aparıcı oyunçusu Sodbayar “Techno” Munxbold “Coca-Cola Mongolia” şirkətinin yeni irimiqyaslı reklam kampaniyasının rəsmi siması seçilib.
Tərəfdaşlıq çərçivəsində dünya şöhrətli içki brendi məhdud sayda eksklüziv qablaşdırma seriyası buraxıb. Xüsusi dizaynda ənənəvi “Coca-Cola” loqotipinin yerinə qlobal idman ictimaiyyətində “bütün dövrlərin ən yaxşısı” mənasını verən “GOAT” (Greatest Of All Time) yazısı həkk olunub. Bu jest kiberidmançının son dövrlərdə beynəlxalq arenada qazandığı yüksək nailiyyətlərin simvolu kimi təqdim edilir.
“Coca-Cola Mongolia” bundan əvvəl də “The MongolZ” layihəsinə mütəmadi dəstəyi ilə seçilib. Şirkət ölkənin ən böyük gənclər tədbirlərindən olan “Playtime” musiqi festivalında komanda üçün xüsusi “Real Magic Zone” məkanını təşkil etmiş, eyni zamanda beynəlxalq çempionatlardan qayıdan oyunçuların rəsmi hava limanında təntənəli qarşılanma mərasimlərində tərəfdaş kimi çıxış etmişdi.
“The MongolZ”un qlobal arenadakı ardıcıl uğurları və brendlərin sahəyə böyük marağı fonunda Monqolustan hökuməti də kiberidman sənayesinə institusional dəstəyi gücləndirməyi planlaşdırır. Rəsmi qurumlar hazırda yerli kiberidman təşkilatları, komandalar və investorlar üçün xüsusi vergi güzəştlərinin tətbiq olunmasını, eləcə də yeni dövlət maliyyələşdirmə proqramlarının hazırlanmasını nəzərdən keçirirlər.

