Ceyson Momoa “PlayStation Productions” və “Sony Pictures” tərəfindən ekranlaşdırılan “Helldivers” filmində baş rolu ifa edəcək. “Arrowhead Game Studios”un eyniadlı oyununa əsaslanan ekran işinin rejissoru Castin Lin olacaq. Filmin dünya premyerası 10 noyabr 2027-ci il tarixinə planlaşdırılıb.
Orijinal oyunun 2015-ci ildə işıq üzü görməsinə baxmayaraq, xüsusilə 2024-cü ildə çıxan “Helldivers 2” böyük uğur qazanaraq ilk dörd ayda PS5 və PC platformalarında 12 milyondan çox nüsxə satılıb. Filmin süjeti “Super Yer” planetini təhdid edən yadplanetli varlıqlara qarşı mübarizə aparan “Helldivers” adlı elit əsgər dəstəsindən bəhs edəcək. Layihənin prodüserləri arasında Hatç Parker, Əsəd Qızılbaş və Castin Lin yer alır.
“Sony Pictures” və “PlayStation Productions” daha əvvəl “Uncharted”, “Twisted Metal” və “The Last of Us” kimi uğurlu ekranlaşdırmalar üzərində əməkdaşlıq ediblər. Baş rol ifaçısı Ceyson Momoa isə hazırda olduqca sıx iş qrafikinə malikdir:
- İyunun 26-da “Supergirl: Woman of Tomorrow” filmində Lobo rolunda çıxış edəcək.
- Mayın 1-də “Animal Friends” adlı hibrid animasiya filmində görünəcək.
- Oktyabrın 16-da “Street Fighter” filmində Blanka rolunu canlandıracaq.
- Dekabrın 18-də “Dune: Part Three” filmində Dunkan Aydayho obrazına geri dönəcək.
Hazırda “Helldivers” 2027-ci ilin 10 noyabr tarixi üçün planlaşdırılan yeganə böyük studiya relizidir.