Valve Nyu-York baş prokurorunun ittihamlarını rədd etdi: “Keyslər qumar deyil”

by Nigar Məmmədova
0 comments

“Valve” şirkəti Nyu-York ştatının baş prokuroru tərəfindən irəli sürülən iddiaya rəsmi cavab verib. İddiada qeyd olunur ki, şirkətin bəzi oyunlarındakı “keys” (loot box) mexanikası yerli qumar qanunlarını poza bilər. “Valve” isə bu ittihamlarla razılaşmadığını və onları tamamilə əsassız hesab etdiyini bildirib.

Söhbət “Counter-Strike 2”, “Dota 2” və “Team Fortress 2” kimi məşhur oyunlarda istifadə olunan “mystery boxes” — yəni içindən təsadüfi əşyalar çıxan konteynerlərdən gedir.

Valve: Keyslər kolleksiya kartlarına bənzəyir

Şirkətin bəyanatında deyilir ki, bu cür mexanikalar təkcə videooyunlarda deyil, real dünyada da geniş yayılıb. “Valve” oyun daxili keyslərin açılmasını kolleksiya kartlarının (trading cards) və ya müxtəlif sənaye sahələrində uzun müddətdir istifadə olunan “blind box”ların (içində nə olduğu bilinməyən qutular) açılması ilə müqayisə edib.

Nümunə kimi dünyaca məşhur “Pokémon” və “Magic: The Gathering” kimi fiziki məhsullar göstərilib. Orada da istifadəçilər təsadüfi əşyalar əldə edir və sonra onları dəyişdirə və ya sata bilirlər. “Valve” həmçinin vurğulayıb ki, keyslərin açılması oyun üçün məcburi deyil və oyunçuların əksəriyyəti bu sistemlə ümumiyyətlə maraqlanmır.

Keyslərdən çıxan əşyalar geympleyə təsir etmir

Şirkətin bəyanatında bir neçə fundamental məqam qeyd olunub:

  • Keyslərdən çıxan əşyalar yalnız kosmetik xarakter daşıyır və geympleydə (gameplay) heç bir üstünlük vermir;
  • Şirkət kənar qumar saytları ilə əməkdaşlıq etmir;
  • Fırıldaqçılıq, qumar xidmətləri və ya əşyalardan qeyri-qanuni istifadə ilə bağlı artıq 1 milyondan çox “Steam” hesabı bloklanıb.

Bundan əlavə, “Valve” istifadəçiləri qorumaq üçün mübadilə gecikmələri və ticarətin ləğvi imkanı kimi əlavə təhlükəsizlik mexanizmləri tətbiq edib ki, bu da üçüncü tərəf saytlarının işini çətinləşdirir.

Şirkət prokurorluğun yeni tələblərinə qarşı çıxdı

“Valve” prokurorluğun oyun daxili əşya sistemini kökündən dəyişdirə biləcək təkliflərindən narahatlığını ifadə edib. Hakimiyyət orqanları aşağıdakı addımları təklif edir:

  • Oyunçular arasında əşya mübadiləsinin qadağan edilməsi;
  • İstifadəçilərin yaşını və yerini yoxlamaq üçün əlavə fərdi məlumatların toplanması.

Şirkət rəsmiləri bildiriblər ki, bu cür tədbirlər istifadəçilərin məxfiliyinə mənfi təsir göstərə bilər və oyunçuları öz rəqəmsal əşyalarını satmaq və ya dəyişdirmək imkanından məhrum edər.

Yekun qərarı məhkəmə verəcək

“Valve” Nyu-York hakimiyyətinin öz qanunlarını müəyyən etmək hüququna hörmətlə yanaşdığını, lakin hazırda bu növ mexanikaları birbaşa qadağan edən heç bir xüsusi qanunun olmadığını vurğulayıb. Şirkət hesab edir ki, keyslərin qanuniliyi barədə yekun qərarı məhkəmə verməlidir. Prokurorluğun hazırkı tələbləri isə həm oyunçular, həm də tərtibatçılar üçün mənfi nəticələrə səbəb ola bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın