Cəmi iki gündən sonra “Death Stranding 2: On the Beach” oyununun PC versiyası işıq üzü görəcək. Söhbət Hideo Kocimanın 2025-ci ilin iyununda PlayStation 5 eksklüzivi kimi buraxılan və yüksək rəylər alan layihəsinin portundan gedir.
Tərtibatçılar daha əvvəl bildirmişdilər ki, kompüter versiyası bütün əsas kontrollerləri dəstəkləyir, ultra-geniş monitorlarla tam uyğundur və NVIDIA DLSS 4, AMD FSR 4 və Intel XeSS 2 kimi müasir miqyaslandırma (scaling) texnologiyalarından istifadə edir. Bundan əlavə, ilk dəfə “Guerrilla Games” studiyası tərəfindən məhz “Decima” mühərriki üçün yaradılmış “Pico” miqyaslandırma texnologiyası tətbiq olunacaq. Bu texnologiya bütün videokartlarda işləyir və kadr generasiyası (frame generation) metodları ilə effektiv şəkildə birləşdirilə bilir.
Lakin məlum olub ki, yeniliklər təkcə texniki təkmilləşdirmələrlə məhdudlaşmayacaq. Kocima oyunçuları təəccübləndirəcək yeni məzmun da hazırlayıb. Yaponiyalı tərtibatçı podkastında qeyd edib ki, PC relizi ilə birlikdə oyun böyük bir yenilənmə alacaq. Bura əvvəllər oyundan çıxarılmış canlı aktyorlarla çəkilmiş səhnələr, baş qəhrəman Sem üçün daha qəribə və narahatedici kabuslar, yeni təchizat və Sem-in otağında peyda olan ürküdücü pişik daxildir.
Çətin sınaq həvəskarları üçün “To The Wilder” adlı yeni çətinlik dərəcəsi əlavə olunacaq. Həmçinin, boslarla, o cümlədən Nil (Neil) ilə döyüşləri təkrar keçmək imkanı yaradılacaq.
PlayStation 5 istifadəçiləri üçün isə oyunu daha kinematoqrafik edən 21:9 Ultrawide rejimi əlavə olunacaq. Bundan əlavə, tərtibatçılar oyunçuların rəyləri əsasında balans və mexanikalarda müəyyən düzəlişlər edəcəklər.
“Death Stranding 2: On the Beach” oyununun PC versiyasının relizi və böyük yenilənmənin çıxışı martın 19-na planlaşdırılıb.