“PUBG: Battlegrounds” tərtibatçıları oyunun 41.1 versiyasını təqdim ediblər. Populyar “Kral döyüşü”ndə yeni oyun rejimi, xəritə təkmilləşdirmələri və silah balansında mühüm dəyişikliklər edilib.
Xeno Point: Yadplanetlilərə qarşı PvE mübarizəsi
Yenilənmənin ən diqqətçəkən yeniliyi “Xeno Point” rejimidir. Bu, “roguelite” (hər yeni cəhddə fərqli inkişaf ssenarisi təklif edən oyun janrı) elementlərinə malik PvE (oyunçunun süni intellektə qarşı mübarizəsi) formatıdır. Oyunçular “Miramar” xəritəsinin alternativ versiyasında yadplanetli düşmənlərlə qarşı-qarşıya gələcəklər.
Erangel xəritəsində relyefin dağıdılması
“Erangel” xəritəsində inqilabi dəyişiklik baş verib — artıq ərazinin relyefini dağıtmaq mümkündür. Partlayışlar, qumbaralar, minaatanlar və nəqliyyat vasitələrinin təsiri ilə torpaq qatı zədələnə və strateji üstünlük üçün relyef dəyişdirilə bilər.
Bundan əlavə, oyuna 1x/4x keçidli hibrid nişangah və geri təpməyə nəzarəti asanlaşdıran “Tilted Grip” (meylli dəstək) əlavə olunub. Eyni zamanda bir çox silah və ləvazimatın balansı yenidən tənzimlənib.
Komanda yoldaşlarının qaytarılması və yeni airdrop sistemi
“Blue Chip” qüllələrinə yeni funksiya əlavə edilib. Artıq oyunçular məğlub olmuş komanda yoldaşlarını geri qaytarmaqla yanaşı, düşmən çiplərini xərcləyərək xüsusi “airdrop” (havadan atılan təchizat qutusu) çağıra bilərlər. Bu yük adi qutulara bənzəsə də, tərkibi və əşyaların çıxma ehtimalı fərqlidir.
Digər yeniliklər:
- Jammer Pack: Mavi zonadan qoruyan bu çantalar artıq 3 səviyyədə mövcuddur və tutumları standart çantalarla eynidir.
- Emergency Supply Flare: Yeni “Təcili təchizat fişəngi” vasitəsilə sığınacaq, tibbi ləvazimatlar və sursat əldə etmək olar. Bu əşyanı gizli otaqlarda, laboratoriya düşərgələrində və airdrop-larda tapmaq mümkündür.
Bəzi silahlar oyundan kənarlaşdırılır
İyun ayında təqdim olunacaq 42.1 yenilənməsi ilə nadir hallarda istifadə olunan bəzi silahlar oyundan silinəcək. Siyahıda aşağıdakı silahlar yer alıb:
- Mosin Nagant
- R45
- DP-28
- PP-19 Bizon
- P1911
- QBU