Hindistan kiberidmanı pullu oyunlardan ayıran yeni qaydalar tətbiq edir

by Nigar Məmmədova
0 comments

Hindistan hökuməti kiberidman və standart onlayn oyunları real pulla oynanılan (qumar tipli) oyunlardan rəsmən ayıran yeni tənzimləmə qaydalarını təqdim edib. Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi (MeitY) tərəfindən 22 aprel 2026-cı ildə elan edilən bu qaydalar cari ilin 1 may tarixindən etibarən qüvvəyə minəcək.

Əvvəllər Hindistanda onlayn oyunlarla bağlı qanunlar ştatlara görə fərqlənirdi və bu, hüquqi qeyri-müəyyənlik yaradırdı. Yeni qanun isə ölkə üzrə vahid milli sistem tətbiq edir. Həmçinin sistemin idarə olunması və qaydalara əməl edilməsinə nəzarət məqsədilə Hindistan Onlayn Oyunlar İdarəsi yaradılıb.

Yeni normalara əsasən, real qazanc və ya mükafat ümidi ilə pul qoyuluşunu nəzərdə tutan istənilən onlayn oyun Hindistan ərazisində tamamilə qadağan edilir. Bu qadağa həm oyunçunun bacarığına, həm bəxtinə, həm də hər ikisinin kombinasiyasına əsaslanan oyunlara şamil olunur.

Yeni qaydalara görə onlayn oyunlar üç əsas növə bölünür:

  • Pullu onlayn oyunlar (Qadağandır): Real mərc və ya qazanc vəd edən istənilən oyun.
  • Sosial onlayn oyunlar (İcazə verilir): Pulsuz və ya qeyri-maddi mükafatlı oyunlar. Bu oyunlar üçün minimum tənzimləmə nəzərdə tutulur.
  • Kiberidman (Tənzimlənmə şərti ilə icazə verilir): Bacarığa əsaslanan və turnir formatında keçirilən rəqabətli oyunlar.

Kiberidman azaxtlı oyunlardan tamamilə ayrılaraq legitim fəaliyyət sahəsi kimi tanınıb. Lakin yeni qaydalara görə, qeydiyyatdan keçməmiş bütün kiberidman növləri hökumətdən təsdiq almalıdır. Təsdiq olunmuş oyun intizamları 10 il müddətinə etibarlı olan sertifikat əldə edəcək. Hökumət həmçinin təlimlər, kütləvi tədbirlər və kiberidmanın gələcəkdə rəsmi idman siyasətinə daxil edilməsi vasitəsilə bu sahəyə dəstək verməyi planlaşdırır.

Qanunu pozaraq qadağan olunmuş pullu oyunları təklif edən, bu oyunlara şərait yaradan və ya onları təbliğ edən şəxsləri və platformaları 3 ilə qədər həbs100 min ABŞ dollarına qədər cərimə gözləyir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın