“Resident Evil Requiem” rəsmi çıxışından sonra iki aydan az bir müddət keçməsinə baxmayaraq, artıq 7 milyon satış həddini geridə qoyub. Bu nailiyyət oyunu bütün seriyanın ən sürətli satılan hissəsinə çevirib.
Bu möhtəşəm uğurun qeyd edilməsinə dair görüntüləri oyunun direktoru Koşi Nakanişi (Koshi Nakanishi) öz Instagram hesabında paylaşıb. Fotoşəkildə “Capcom” əməkdaşlarının “Resident Evil” mövzusunda hazırlanmış iki xüsusi tortla qələbəni bayram etdikləri əks olunub.
Hələlik şirkət rəqəmləri rəsmən təsdiqləyən geniş press-reliz yayımlamasa da, Nakanişinin paylaşımı məlumatın əsas mənbəyi kimi çıxış edir. Əldə olunan nəticə seriyanın əvvəlki oyunlarının uğurları ilə müqayisədə xüsusilə təsirli görünür.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə “Resident Evil Village” cəmi dörd gün ərzində 3 milyon nüsxə satılmışdı. 2023-cü ildə işıq üzü görən “Resident Evil 4 Remake” isə bu nəticəni daha sürətli şəkildə təkrarlamışdı. Lakin “Requiem” cəmi iki aya 7 milyon satışa çatmağı bacarıb. Məlumat üçün bildirək ki, “RE4” remeykinə 6,48 milyonluq satış həddinə çatmaq üçün tam bir il vaxt lazım olmuşdu.