Yapon oyun sənayesinin nəhəngləri arasında yer alan “Sega” öz strateji fəaliyyətində köklü dəyişikliklər etdiyini açıqlayıb. Şirkətin son maliyyə hesabatında genişmiqyaslı “Super game” təşəbbüsü üzərində işlərin dayandırıldığı rəsmən təsdiqlənib.
“Super game” layihəsi ilk dəfə 2021-ci ildə “Sega”nın çoxillik təcrübəsini və texnoloji nailiyyətlərini birləşdirən bir neçə iddialı AAA oyununun yaradılması planı kimi təqdim olunmuşdu. O vaxt şirkət bu istiqamətə təxminən 882 milyon dollar investisiya yatırmağı planlaşdırırdı və “oyun sənayesinin sərhədlərini aşacaq” bir məhsul vəd edirdi. İndi isə “Sega” rəsmən bu təşəbbüsdən imtina edib, lakin layihəyə indiyədək nə qədər vəsait xərcləndiyi açıqlanmır.
Eyni zamanda, “Sega” pulsuz oyunlar modelinə (“free-to-play”) olan münasibətinə də yenidən baxıb. Əvvəllər şirkət bu modelin tanınmış franşizalara yeni auditoriya cəlb edəcəyini gözləyirdi, lakin “Sonic Rumble Party” və digər bənzər buraxılışların nəticələri gözləniləndən xeyli zəif oldu. Bu səbəbdən “Sega” tədricən bu istiqamətdən uzaqlaşmaq qərarına gəlib. Artıq “free-to-play” layihələri ilə məşğul olan 100-dən çox əməkdaş digər komandalara keçirilib.
Buna baxmayaraq, hesabatda 2023-cü ildə elan edilmiş “Yeni Era” proqramının inkişaf etdirildiyi vurğulanır. Bu təşəbbüs çərçivəsində “Sega” klassik franşizalarını — Jet Set Radio, Streets of Rage, Shinobi, Golden Axe və Crazy Taxi oyunlarını geri qaytarmağı planlaşdırır. Bu oyunlar haqqında hələlik ətraflı məlumat verilmir.
Bundan əlavə, şirkət bu yaxınlarda ilk tizeri təqdim olunan “Alien: Isolation” qorxu oyununun davamı barədə də təfərrüatları açıqlamağa hələ hazır olmadığını bildirib.