Oyunçuların 80%-dən çoxu “Grand Theft Auto VI”nı 100 dollara almağa razıdır

by Nigar Məmmədova
0 comments

Yaxın vaxtlarda “Rockstar Games” və “Take-Two Interactive” şirkətləri “Grand Theft Auto VI“nın rəsmi qiymətini açıqlaya və oyun üçün ilkin sifarişləri (pre-order) başlada bilərlər. Bu gözləntilərin fonunda oyun ictimaiyyətində bu nəsil konsolların ən çox maraq doğuran layihəsinin mümkün qiyməti ətrafında müzakirələr davam edir.

Bəzi analitiklər hesab edirlər ki, “GTA 6” hazırda standart sayılan 70 dollarlıq qiymət etiketindən daha baha olmalıdır. Qiymətin 80 dollar və ya daha çox səviyyəsinə qaldırılması bütün oyun sənayesinə təsir edə bilər və digər böyük şirkətlərin də öz gələcək layihələrinin dəyərinə yenidən baxmasına yol açar. Digər ekspertlər isə əmindirlər ki, maksimal sayda alıcı cəlb etmək üçün “Rockstar Games”in ənənəvi qiymət siyasətini qoruması daha sərfəlidir.

“Insider Gaming” portalı oyunçuların mümkün qiymət artımına nə dərəcədə hazır olduqlarını yoxlamaq üçün öz podkast auditoriyası arasında sorğu keçirib. İstifadəçilərə “GTA 6 oyununu 100 dollara almağa razı olarsınızmı?” sualı ünvanlanıb.

Sorğunun nəticələri naşir şirkət üçün olduqca müsbət olub: rəyi soruşulanların 80%-dən çoxu yeni “Grand Theft Auto” hissəsi üçün bu məbləği ödəməyə hazır olduğunu bəyan edib.

Buna baxmayaraq, “Take-Two”nun baş icraçı direktoru Ştraus Zelnik (Strauss Zelnick) daha əvvəl internetdə gəzən 100 dollarlıq qiymət şayiələrinə reaksiya verərkən planlarının fərqli olduğunu bildirmişdi:

“Bizim planlarımız oyunun qiyməti ilə bağlı daha təvazökardır”.

Ona görə də oyunun rəsmi qiymətinin nə qədər olacağını dəqiq bilmək üçün fanatlara yalnız rəsmi elanı gözləmək qalır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın