“GTA VI” üçün ilkin sifarişlərin (pre-order) artıq 18 may 2026-cı il tarixində başlayacağı ehtimal edilir. Bu məlumat “Best Buy” tərəfdaşlıq proqramının iştirakçılarına göndərilən bildirişdə üzə çıxıb.
Məlumata görə, ilkin sifarişlərin başlanmasına həsr olunmuş promo-kampaniya 18-21 may tarixlərini əhatə edəcək. Hələlik “Rockstar” tərəfindən rəsmi təsdiq gəlməsə də, bu tarixlər kifayət qədər məntiqli görünür.
Belə ki, mayın 21-də “Take-Two” şirkəti növbəti maliyyə hesabatını dərc edəcək. Naşir şirkət əvvəllər də dəfələrlə öz oyunları ilə bağlı vacib xəbərləri məhz hesabat dövrləri ərəfəsində paylaşıb. Buna görə də ilkin sifarişlərin məhz bu aralıqda start götürməsi böyük marketinq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Oyunun rəsmi çıxışı 19 noyabr 2026-cı il tarixinə planlaşdırılır. Oyun ilk olaraq aşağıdakı platformalarda əlçatan olacaq:
- PlayStation 5
- Xbox Series X/S
PC versiyasının isə 2027-ci ilin əvvəlində işıq üzü görəcəyi gözlənilir.