“Legacy” komandası böyük finalda turnirin əsas favoriti hesab olunan “Falcons“u 3:1 hesabı ilə üstələyərək “CS Asia Championships” (CAC) çempionluq titulunu uğurla qoruyub və Şanxayda ardıcıl ikinci kubokunu qazanıb.
Maraqlıdır ki, bu, klubun tarixində qazandığı ümumilikdə cəmi ikinci kubokdur və CS2-dəki hər iki zəfər məhz bu turnirə təsadüf edir. Komanda ilk titulunu 2025-ci ildə, ikincisini isə artıq bu il əldə edib.
Final matçının gedişatı
Final seriyası olduqca gərgin başlayıb — hər iki kollektiv ilk iki xəritədə qələbələri bölüşərək həm makro, həm də mikro epizodlarda yüksək səviyyəli oyun nümayiş etdiriblər. Lakin bu mərhələdən sonra “Falcons”un oyununda, xüsusilə də hücum (T) tərəfində kəskin geriləmə müşahidə olunub. “Legacy” isə əksinə, tempini daha da artıraraq seriyanı inamla qələbə ilə başa vurub.
Komandaların son vəziyyəti
- Legacy: Andrey “arT” Piovezanın transferindən sonra komanda ilk beynəlxalq kubokunu qazandı. “Legacy” son dövrlər tier-1 səviyyəsində olduqca stabil nəticələr göstərir: “ESL Pro League”də top-8, “IEM Atlanta”da 3-cü yer və indi isə CAC çempionluğu.
- Falcons: Finn “karrigan” Andersenin gəlişindən sonra komanda ardıcıl ikinci dəfə 2-ci yerlə kifayətlənməli oldu. Daha da dramatik olanı odur ki, “Falcons” artıq ardıcıl yeddinci böyük finalını uduzub. Bu isə kollektivin həlledici matçlardakı ciddi problemlərini növbəti dəfə üzə çıxarıb.
“Falcons”un ulduz liderləri finalı qeyri-stabil keçiriblər: Nikola “NiKo” Kovaç demək olar ki, oyundan tamamilə qopub, Ilya “m0NESY” Osipovun raundlara təsiri isə hər xəritə keçdikcə daha da azalıb. Komandada stabil olaraq səviyyəsini qoruyan yeganə oyunçu Maksim “kyousuke” Lukin olub. Həlledici xəritələrdə hücum tərəfinin tamamilə ideyasız və taktikasız görünməsi də məğlubiyyətin əsas səbəblərindən biri kimi dəyərləndirilir.