TikTok formatı: ESL turnirlərin şaquli yayımını təqdim etdi

by Nigar Məmmədova
0 comments

“ESL FACEIT Group” məşhur sosial şəbəkə “TikTok” platforması ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq çərçivəsində turnir operatorunun yarışları rəsmi olaraq TikTok-da yayımlanacaq. Yeni formatın debütü isə ötən həftəsonu baş tutan “IEM Atlanta” turniri zamanı gerçəkləşib.

Sırf mobil istifadəçilər üçün xüsusi prodakşn

Söhbət adi restrimdən (yayımın olduğu kimi digər platformaya köçürülməsindən) getmir. Yayımlar mobil istifadəçilərin rahatlığı üçün xüsusi olaraq uyğunlaşdırılmış şaquli (vertikal) qrafika, ekranüstü məlumatlar (overlay) və unikal prodakşn elementləri ilə təchiz olunacaq.

Bundan əlavə, “ESL FACEIT Group” TikTok auditoriyası üçün eksklüziv pərdəarxası görüntülər və xüsusi formatda hazırlanmış “highlight”lar (maraqlı anlar) təqdim edəcəyini vəd edir.

Bu qərar dünya miqyasında mobil kiberidman auditoriyasının sürətli böyüməsi ilə əsaslandırılır. “SQ Magazine” nəşrinin araşdırmalarına görə, dünyadakı ümumi kiberidman baxışlarının 56%-i məhz mobil cihazların payına düşür.

Digər platformalar və TikTok-un rolu

Bu, “ESL FACEIT Group”un son aylarda imzaladığı ikinci böyük yayım müqaviləsidir. Xatırladaq ki, aprel ayında turnir operatoru “Kick” platforması ilə də razılıq əldə etmişdi və “ESL Challenger League” matçları eksklüziv olaraq orada yayımlanır.

Bunun müqabilində “TikTok” ESL kontentini platformada aktiv şəkildə önə çıxaracaq, öz reklam alətlərinə və geyminq kontent yaradıcıları (creator) şəbəkəsinə giriş imkanı yaradacaq. Bu isə strimerlərə kiberidman yarışlarını rəsmi olaraq birgə yayımlamaq (co-stream) şansı verəcək.

Rəsmi şərhlər

“ESL FACEIT Group”un reklam və distribusiya üzrə böyük vitse-prezidenti Stiv Ford razılaşmanı belə şərh edib:

“TikTok ilə tərəfdaşlıq kiberidman yayımlarının inkişafında mühüm bir addımdır. ‘IEM Atlanta’da etdiyimiz debütlə mobil auditoriya üçün xüsusi şaquli baxış formatını təqdim etdik. Bununla da azarcheşlərin turnirlərimizi kəşf etməsi və onlarla qarşılıqlı əlaqədə olması üçün imkanları genişləndiririk.”

“TikTok Gaming”in qlobal əməliyyatlar rəhbəri Langer Li də əməkdaşlıq barədə müsbət danışıb:

“Yeni ‘TikTok for Gaming’ platforması ilə biz sahənin ən yaxşı tərəfdaşlarının öz auditoriyası ilə qarşılıqlı əlaqəsini sürətləndiririk. ESL bu vizyonu tam əks etdirir — onlar kiberidmanı icmamızın həqiqətən sevdiyi formata köçürürlər. Bu format yaradıcıları, oyunçuları və fanatları bir məkanda birləşdirən interaktiv mühit yaradır.”

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın