Valve-ın ilk dəfə IEM Cologne Major 2026 zamanı tətbiq etdiyi yeni stiker satışı sistemi kiberidman təşkilatlarının kütləvi narazılığına səbəb olub. HLTV-nin məlumatına görə, klublar artıq gəlirlərin kəskin şəkildə azaldığını bildirirlər, sənaye nümayəndələri isə bu dəyişikliklərin peşəkar Counter-Strike-ın bütün iqtisadiyyatına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
Klubların Gəlirləri Onlarla Dəfə Azalıb
Ən böyük zərbəni səhnənin nəhəngləri sırasına daxil olmayan komandalar alıb. Əgər əvvəlki Major turnirlərində hətta erkən mərhələlərdə mübarizəni dayandıran kollektivlər stiker satışı sayəsində təxminən 600 min dollar əldə edirdilərsə, yeni modelin tətbiqindən sonra bəzi “Stage 1” iştirakçıları cəmi 60 min dollar civarında gəlir əldə etdiklərini bildirirlər. Bir çox təşkilat üçün məhz bu ödənişlər oyunçuların maaşlarını, transferləri, turnirlərdə iştirakı və akademiya heyətlərinin saxlanılmasını qarşılayan, bütün mövsüm boyu əsas maliyyə mənbəyi rolunu oynayırdı.
Valve Nələri Dəyişdi?
Yeni sistemin əsas fərqi ənənəvi stiker kapsullarından tamamilə imtina edilməsidir. İndi istifadəçilər xüsusi tokenlər vasitəsilə konkret stikerləri alırlar və onların qiyməti tələbə əsasən müəyyənləşir. Ən populyar avtoqraflar və loqotiplər, az tanınan variantlara nisbətən əhəmiyyətli dərəcədə baha ola bilər.
Bundan əlavə, Valve gəlirlərin paylanması prinsipini də avtomatik olaraq dəyişib. Əgər əvvəllər təşkilatlar oyunçularla müqavilələrdə ödəniş şərtlərini özləri müəyyən edirdilərsə, indi qazancın yarısı avtomatik olaraq komandalara, digər yarısı isə oyunçulara bərkidilir. Cari müqavilələri köhnə modelə uyğun hesablanmış bir çox klub üçün bu addım gözlənilməz olub.
Maliyyə Problemləri və Transfer Bazarında Təhlükə
Klub nümayəndələri etiraf edirlər ki, yeni sistem onları maliyyə planlarına yenidən baxmağa məcbur edir. Gəlirlərin kəskin azalması səbəbindən təşkilatlar transferlər, akademiyalar və heyətlərin inkişafı üçün büdcələri ixtisar edə bilərlər. Sənaye nümayəndələrinin sözlərinə görə, indi hətta Major-da uğurlu çıxışdan sonra belə xərcləri qarşılamaq xeyli çətinləşib. Bunun ən səs-küylü nümunələrindən biri artıq Counter-Strike səhnəsindən gedişini elan edən “Gaimin Gladiators” klubu olub. Səhnə daxilində vəziyyət dəyişməyəcəyi təqdirdə bunun yalnız bir başlanğıc olmasından qorxurlar.
Digər bir nəticə isə bütün transfer siyasətinin dəyişməsi ola bilər. Klub rəsmiləri oyunçuların böyük məbləğlərlə transfer edilməsinin və yüksək maaşların tədricən keçmişdə qalacağını gözləyirlər. Təşkilatlar yeni oyunçulara investisiya qoyarkən daha ehtiyatlı davranacaqlar, çünki artıq Major turnirindən sonra böyük ödənişlərə arxalana bilmirlər. Bu, illərdir Major-a vəsiqə qazanmağı maliyyə sabitliyini təmin etmək imkanı kimi görən Tier-2 və Tier-3 komandalarına xüsusilə təsir edə bilər.
Valve Hələlik Heç Bir Şərh Vermir
Genişmiqyaslı tənqidlərə baxmayaraq, Valve hələlik yeni sistemi yenidən nəzərdən keçirmək planları barədə məlumat verməyib. Kiberidman səhnəsinon nümayəndələri tərtibatçıların növbəti Major turnirinə qədər müəyyən düzəlişlər edəcəyinə ümid bəsləyirlər, lakin lütbokslarla (lootbox) bağlı hüquqi məsələlərə görə klassik kapsulların geri qayıtması ehtimalı az hesab olunur.
Yeni stiker sistemi Valve-ın son illərdəki ən mübahisəli qərarlarından birinə çevrilib. Əgər əvvəllər Major əksər təşkilatlar üçün heyətlərə qoyulan investisiyaları çıxarmaq üçün əsas fürsət idisə, ipad bir çox klub gəlirlərin əhəmiyyətli dərəcədə azalmasından danışır. Əgər bu model yenidən nəzərdən keçirilməsə, yaxın mövsümlərdə CS2 peşəkar səhnəsi təşkilatların sayının azalması, oyunçu maaşlarının aşağı düşməsi və daha passiv transfer bazarı ilə üzləşə bilər.