2025-ci ilin ən iddialı oyunlarından biri hesab edilən Clair Obscur: Expedition 33 “Nintendo Switch 2” konsoluna gələ bilər. “Sandfall Interactive” studiyasının tərtibatçıları oyunu Nintendo-nun yeni konsoluna köçürmək (port etmək) imkanını nəzərdən keçirdiklərini təsdiqləyiblər, lakin bunun baş tutacağına hələ ki tam zəmanət verə bilmirlər.
Hələ ilin əvvəlində insayder NateTheHate ehtimal olunan port haqqında məlumat vermişdi, indi isə bu xəbəri oyunun müəllifləri özləri təsdiqləyiblər. “Automaton” nəşrinə verdiyi müsahibədə “Sandfall Interactive”in həm-təsisçisi və texniki direktoru Tom Giylermin (Tom Guillermin) bildirib ki, studiya “Expedition 33″ü “Switch 2″yə keçirməkdə maraqlıdır, lakin belə bir layihənin reallaşdırılması ciddi texniki çətinliklərlə bağlıdır.
Giylerminin sözlərinə görə, komanda oyunun qrafikasına və vizual üslubuna böyük diqqət yetirib, buna görə də yeni port xatirinə keyfiyyəti qurban vermək istəmir.
“Bu, böyük texniki sınaqdır, çünki biz oyunu mümkün qədər gözəl etməyə çalışmışıq. Lakin Switch 2, təbii ki, PlayStation və ya Xbox Series X qədər güclü deyil. Bizim kiçik studiyamız üçün bu, çox vacib amildir.”
Studiyanın baş icraçı direktoru Qiyom Broş (Guillaume Broche) da hər hansı rəsmi anons etmək üçün hələ tez olduğunu qeyd edib:
“Biz bunu reallaşdırmağın yolunu tapmaqda maraqlıyıq, lakin hələ ki hər hansı bir elan vermək üçün çox tezdir.”
Unreal Engine 5 Çətinlikləri
Tərtibatçılar həmçinin izah ediblər ki, Unreal Engine 5 mühərrikinin bəzi imkanları hələ ki “Switch 2″də tam işləmir. Bununla belə, onlar ümid edirlər ki, “Epic Games” tərəfindən mühərrikə ediləcək gələcək yenilənmələr bu texniki problemləri həll etməyə kömək edəcək.
Beləliklə, “Clair Obscur: Expedition 33” oyununun “Nintendo Switch 2″dəki taleyi hələlik qeyri-müəyyən olaraq qalır. “Sandfall Interactive” oyunu Nintendo konsolunda təqdim etmək arzusunu gizlətmir, lakin yekun qərar lazımi qrafika və məhsuldarlıq səviyyəsini təmin edə biləcəklərindən asılı olacaq.