“GTA VI“nın miqyaslı nümayişindən sonra ABŞ-da “PlayStation 5 Pro”ya tələbat kəskin şəkildə artıb. “Sony”nin flaqman konsolu oyunun genişləndirilmiş təqdimatından dərhal sonra mağaza rəflərindən yoxa çıxmağa başlayıb və yaranmış vəziyyətdən artıq alverçilər (spekulyantlar) aktiv istifadə edirlər.
“Best Buy” və “Target” şəbəkələrində “PS5 Pro” ehtiyatları tamamilə bitib. “Amazon” və “Walmart” platformalarında konsolu yalnız qiyməti 1300 dollara qədər qaldıran kənar satıcılardan tapmaq mümkündür. Eyni zamanda “eBay”də yeni dəstlər artıq təxminən 1200 dollara satılır.
Hazırda “PS5 Pro” tövsiyə olunan 899 dollar qiymətinə rəsmi “PlayStation Direct” mağazasında hələ də əlçatandır, lakin orada da ehtiyatlar sürətlə tükənir. Digər regionlarda qıtlığın miqyası barədə hələlik dəqiq məlumat olmasa da, oyunçular həm “PS5 Pro”, həm də standart “PS5” alarkən problemlərlə qarşılaşdıqlarını bildirirlər.
Ajiotajın səbəbi və texniki təfərrüatlar
Ajiotaja səbəb “GTA VI”nın nümayişi olub — təqdimatdan sonra oyunçular “Rockstar Games”in yeni oyununda mümkün olan ən yaxşı təsvir keyfiyyətini əldə etmək istəyiblər. Tələbatı həm də “Sony” özü körükləyir; şirkət “GTA VI”nı məhz “PS5 Pro”da oynamağın daha məqsədəuyğun olduğu mövqeyini təşviq edir.
“Rockstar Games” “PS5 Pro” üçün xüsusi təkmilləşdirmələrin olacağını təsdiqləsə də, qrafik rejimləri ilə bağlı təfərrüatlar hələlik açıqlanmır. Eyni zamanda texniki analitiklər hətta daha güclü konsol versiyasında belə oyunun 60 FPS tezliyi ilə buraxılmasını az ehtimal edirlər. “Digital Foundry”nin təhlilinə əsasən, baza “PS5″də “GTA VI” kənar miqyaslayıcılar (upscaler) istifadə edilmədən 1440p kadr imkanında və 30 FPS tezliyində işləyir.
“Grand Theft Auto VI” oyununun relizi noyabrın 19-da “PlayStation 5” və “Xbox Series” platformaları üçün planlaşdırılır.