Aberdindən olan 78 yaşlı Ket Bovi “Twitch” platformasında “Fortnite” oyunu üzrə canlı yayım edən ən yaşlı qadın kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. O, platformada “grumpygran48” ləqəbi ilə 24 mindən çox izləyici toplamağı bacarıb.
Ket 2017-ci ildə nəvəsinin “Fortnite” oynadığını gördükdən sonra bu oyuna maraq göstərməyə başlayıb. Artıq növbəti il o, öz şəxsi hesabını yaradaraq canlı yayımlara start verib. Strimerin sözlərinə görə, təxminən doqquz il ərzində oyuna olan marağı heç vaxt sönməyib. “Mən özümü geymerdən daha çox Fortnite azarkeşi adlandırardım”, — deyə Ket təəssüratlarını bölüşüb.
Onun istifadə etdiyi “grumpygran1948” (deyingən nənə) ləqəbi nəvəsinin zarafatı sayəsində yaranıb. Lakin Ket özünün heç də “deyingən” olmadığını bildirir.
78 yaşlı strimerin bu qeyri-adi uğur hekayəsi həmçinin “Guinness World Records Gamer’s Edition 2027” xüsusi nəşrinə də daxil edilib.