“Microsoft” şirkəti Aşa Şarmanı oyun biznesini daha mənfəətli etmək tapşırığı ilə “Xbox” bölməsinin rəhbəri təyin edib. Yayın əvvəlində o, bölmənin irimiqyaslı yenidən qurulmasını elan etdi. Bu plan xərclərin azaldılmasını, əməkdaşların ixtisarını, gəlirsiz studiyaların bağlanmasını və ya ayrılmasını, həmçinin əsas franşizalara diqqət yetirilməsini nəzərdə tutur. Paralel olaraq, “Xbox” yeni nəsil konsolun buraxılışına hazırlaşır.
“Microsoft”un baş icraçı direktoru Satya Nadella Şarmanın öz vəzifələrinin öhdəsindən yaxşı gəldiyini düşünür. “Sources Podcast” verilişinin son buraxılışında o, şirkətdəki dəyişiklikləri görməkdən xüsusi məmnunluq duyduğunu bildirib. Nadellanı fikrincə, atılan addımlar “Xbox”a öz studiyalarından və zəngin intellektual mülkiyyətindən daha səmərəli istifadə etməyə, eləcə də PC və “Xbox” platformalarında oyunlar buraxmaq üçün dayanıqlı biznes modeli formalaşdırmağa kömək edəcək.
“Studiyalarımıza, mövcud intellektual mülkiyyət portfelimizə və gələcəkdə möhtəşəm oyunlar yaratmaq imkanlarımıza baxdıqda böyük optimizm hiss edirəm. Komanda və xüsusən Aşa hazırda biznesin strukturunu optimallaşdırır və bunu izləmək xoşdur. İndi biz daha çox insana oyunlar təqdim etməyə imkan verən düzgün və dayanıqlı biznes modeli yaratmalıyıq. Həm PC, həm də Xbox-da oyunlar üçün əla nəşriyyatçı və platforma olmaq hər zaman əsas məqsədimiz olub”, — deyə Satya Nadella qeyd edib.
Tənqidlər, maliyyə gözləntiləri və struktur dəyişiklikləri
Lakin bu bəyanatlar oyunçular və ekspertlər arasında kəskin reaksiya doğurub, çünki kütləvi ixtisarlar, ləğv edilən layihələr və studiya strukturlarındakı dəyişikliklər fonunda Nadellanı ifadələri birmənalı qarşılanmayıb.
Emosiyaları bir kənara qoysaq, Şarma “Xbox” biznesinin optimallaşdırılması tapşırığını yerinə yetirir. Gözlənilir ki, artıq növbəti maliyyə ilinin ikinci rübündə bu bölmə “Xbox”un 25 illik tarixi ərzində ilk dəfə olaraq rekord mənfəət əldə edə bilər.
Ötən həftə müxtəlif şöbələrdən daha 267 əməkdaşın işdən çıxarıldığı məlum olub. Ümumilikdə il ərzində 2000-ə yaxın insan işini itirib və yeni ixtisarların olacağı gözlənilir.
Son struktur dəyişiklikləri çərçivəsində “Halo” franşizası “Activision”a həvalə olunub, “Obsidian” studiyası “Bethesda” ilə birləşdirilir, “Ninja Theory” və “Arkane” isə bağlanma təhlükəsi ilə üz-üzədir. Bir neçə ay əvvəl isə “Double Fine”, “Compulsion Games” və “Undead Labs” studiyaları “Xbox”dan ayrılıb.